EN

“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe DÇ-2026-dan sonra “xoruzlar”ı tərk edəcək Didye Deşamın davamçısı kimi hansı məşqçini gördüyünü açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, forvard bu barədə “Le Parisien”ə müsahibəsində danışıb.

“Deşamın yeni varisi ilə bağlı çoxlu fərziyyələr var. Bəs sənin hər hansı seçimin varmı?”, - sualına Kilian belə cavab verib:

“Kimi nəzərdə tutduğunuzu başa düşürəm, amma bu mövzuda danışmayacağam, çünki bu mənim vəzifəm deyil. Federasiyanın prezidenti var, qərarları o verir. Hamı Zidandan danışır. Biz (red.-futbolçular) mağarada yaşadığımızı və ətrafımızda baş verənlərdən xəbərsiz olduğumuzu iddia etməyəcəyik. Lakin bu haqda danışmaq bizim işimiz deyil”.

“Yenə də Deşamın ideal xələfinin kim olacağı barədə fikrin nədir?”, - sualına cavabında isə fransalı ulduz bunları deyib:

“Zinəddin Zidan! Amma, bayaq dediyim kimi, qərarı verən Filip Diallo (red.-Fransa Futbol Federasiyasının prezidenti) olacaq. Gəlin görək o, hansı kriteriyalara əsaslanaraq qərarını verəcək”.

Qeyd edək ki, Didye Deşam 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatından sonra Fransa millisindən ayrılacaq. Fransa millisinin Zinəddin Zidanla danışıqlara başladığı və baş məşqçi postuna əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacağı ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və  2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. O, məşqçi kimi üç dəfə Çempionlar Liqası, iki dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Chosen
91
1
qafqazinfo.az

2Sources