EN

Taksi sürücüsünü döyən keçmiş məhkuma elektron qolbaq taxıldı

Beyləqan Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kənan Balayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Nurullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 2 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 11 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan şəhəri ərazisində yerləşən Mərkəzi bazarın qarşısında qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Kənan Balayevdən rayonun Birinci Aşıqlı kənd sakini, taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş Məmməd Vəlizadə (soyadı şərti) ondan Bakı şəhərinə gedib-getməməsini soruşub. Bu zaman təqsirləndirilən şəxs səs-küy salıb uca səslə nalayiq sözlərlə zərərçəkmiş şəxsi təhqir edərək onun üzərinə hücum edib, zor tətbiq edib yerə yıxıb. Sonra o, təpiklə Məmmədin sağ ayağına qəsdən bir dəfə zərbə vuraraq onun sağlamlığına az ağır zərər yetirib.

 

Hadisədən sonra Kənan Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Kənan Balayev daha əvvəl məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

 

Tarix: 19 Mart 2025, 09:20   
Chosen
11
pravda.az

1Sources