EN

Rəsul Quliyev Bakıya istintaqa çağırılacaq?

Baş Prokurorluq Azərbaycanın axtarışa verdiyi bir sıra təqsirləndirilən şəxslər barədə Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi bildiriş yaymağa başlayıb.

Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov  deyib ki,  2024-cü ilin əvvəlində Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsilə əsasən, istintaqdan yayındıqları üçün barələrində məhkəmə qərarı ilə axtarış elan edilmiş şəxslər haqqında qiyabi icraat aparıla bilər.

KONKRET.az xəbər verir ki, V.Cəfərov qiyabi icraatın mahiyyətini bu cür izah edib: “Kimsə dələduzluq ittihamı ilə axtarışdadır, lakin illərlə xaricə qaçdığı üçün onun istintaq orqanına cəlb olunması mümkün olmur. Bu halda dövlət orqanları bütün vasitələrlə onu axtarmağa çalışırlar, amma heç bir nəticə olmursa, qanun müəyyən şərtlər əsasında həmin şəxsə qarşı cinayət işini qiyabi qaydada davam etdirməyə imkan verir”.

Qiyabi icraatın prosedurana gəlincə, vəkil deyib: “Məsələn, A şirkətinin direktoru M. böyük məbləğdə vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) və ya dələduzluq (Cinayət Məsəlləsinin 178-ci maddəsi) ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun haqqında iş başlanıb, evinə, ofisinə rəsmi çağırış vərəqələri göndərilib, telefonla xəbər edilib. Lakin o, ölkədən çıxaraq gizlənib və göndərilən bütün çağırışlara məhəl qoymur. 3 ay ərzində axtarış elan olunub, İnterpol xətti ilə axtarılır. Nəticə olmadıqda, prokurorluq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə vəsatət göndərir ki, biz bu şəxsə qarşı qiyabi icraat başlayaq. Məhkəmə dəyərləndirir ki, bütün prosedur addımlar atılıb, həmin şəxsə müdafiəçi təyin edilib, televiziyada və rəsmi saytlarda məlumat yerləşdirilib. Məhkəmə müsbət qərar verərək qiyabi icraatın aparılmasına icazə verir. Bu nümunədə məhkəmə və istintaq prosesi artıq həmin şəxsin iştirakı olmadan davam etdirilir”. “Teleqraf”ın araşdırmasına görə, Milli Məclisin sabiq sədri Rəsul Quliyev barəsində də Azərbaycanda axtarış elan edilib. 1996-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən sabiq spikerlə bağlı iki cinayət işi mövcuddur.

Birincisi, onun 1980-ci illərin sonları, 1990-ci illərin əvvəllərində Bakı Neftayırma Zavoduna rəhbərlik etdiyi dövrdə yol verdiyi qanunsuzluqlarla bağlıdır. R.Quliyev xüsusilə külli miqdarda neft məhsullarını xarici şirkətə satıb pulunu mənimsəməkdə ittiham olunur. Bu cinayət işi üzrə ona Cinayət Məcəlləsinin külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Digər cinayət işi isə dövlət çevrilişinə cəhdlə bağlıdır. O, 2005-ci ilin 18 oktyabrında Ukraynanın Simferopol şəhərində Azərbaycanın tələbi ilə İnterpolun axtarışında olduğu üçün saxlanılmışdı. 2005-ci il 19 oktyabrda dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılaraq onun barəsində axtarış elan edilib.

Milli Məclisin keçmiş sədri ölkəyə gələ bilərmi və s. suallarla Rəsul Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna müraciət etdik. O, yayılan məlumatların reallıqdan uzaq olduğunu qeyd etdi: “Hesab edirəm ki, bu reallığı əks etdirmir. Rəsul Quliyev Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olub. Mərhum prezidentimiz Heydər Əliyevlə bir yerdə müstəqil Azərbaycanın dövlətçilik ənənəsinin qurulmasında xidmətləri olmuş böyük şəxsiyyətdir. İstər 1993, istər 1994, istərsə də 1995-ci il qiyamlarının yatırılmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətləri olub. Fikrimcə, Rəsul Quliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərinə ən böyük qiyməti Ulu öndər Heydər Əliyev Milli Məclisin plenar iclasında Rəsul bəy istefa verən zaman verib. Həmin vaxt Heydər Əliyevin səsləndirdiyi fikri istinad olaraq bölüşmək istəyirəm. Rəsul Quliyev ölkənin faktiki vəzifəcə iki postu sayılan Milli Məclis sədrliyindən istefa verəndə Heydər Əliyev bildirmişdi ki, Rəsul Quliyevin heç bir zaman, uzun illər keçsə belə xalqımız və dövlətçiliyimiz qarşısında göstərdiyi xidmətləri heç kəs dana bilməz, onun xidmətləri tarixə qızıl hərflərlə yazılacaq. Bu çıxış Milli Məclisin stenoqramında var. Məncə, Ulu öndərin bu mövqeyindən sonra məsələni artıq şərh etməyə ehtiyac qalmır. Amma mən də bir sıra mətbu orqanlarda yayılan məlumatları gördüm. Bildirirəm ki, Rəsul bəylə bağlı iddialarda ikinci hissə reallığı əks etdirmir. 2005-ci ildə açılmış cinayət işində adları çəkilən şəxslərin kimlikləri məlumdur. O prosesdə yer alan şəxslər qanun qarşısında cəzalandırılıblar. Rəsul Quliyevlə bağlı 2005-ci ildə cinayət işinin açılması halı, ümumiyyətlə, yoxdur. Bu, yalan məlumatdır. 80-90-cı illərlə bağlı açılmış cinayət işi isə absurddur. Bunun absurdluğunu 2005-ci ildə Rəsul Quliyev Azərbaycana gəlmək istəyəndə, Ukraynada saxlanılanda həmin dövrdə müvafiq qurumların Ukrayna tərəfinə təqdim etdiyi, yəni onun Azərbaycana təhvil verilməsi ilə bağlı sənədlər sübut edib. Həmin sənədlər yetərli sayılmamışdı. Hətta Ukrayna məhkəməsi belə bu cinayət işinin absurd olduğunu verdiyi qərarla sübut etmişdi. Nəticədə Rəsul bəy sərbəst buraxılmışdı. Nəhayət, 2016-cı ildə İnterpolun baş ofisi Rəsul Quliyevi axtarışda olan şəxslər sırasından çıxarıb. Bununla bağlı rəsmi sənəd var. İnterpolun baş ofisi də bu cinayət işini siyasi məzmunlu cinayət işi hesab edib. Azərbaycan cəmiyyəti də bu cinayət işini siyasi məzmunlu sayır. Müddəti ötdüyündən də arxivə göndərilib. Rəsul Quliyevlə bağlı xüsusi bir narahatlığa ehtiyac yoxdur”.

A.Şakiroğlu bir vacib məsələyə də toxundu: “Bu gün ölkədə iqtidar-müxalifət dialoqu var. Ortada sağlam münasibətlər mövcuddur. Belə bir həssas zamanda ölkədə siyasi qütblərin bir arada olduğu vaxtda Rəsul Quliyevin adının hansısa bir siyahıya salınması hesab edirəm ki, uğursuz addım olardı.  Jurnalist dostlarımız da prokurorluğun müstəsna səlahiyyətlərinə qarışmamalıdır. Belə bir fikir varsa, Baş Prokurorluq digər şəxslər kimi Rəsul Quliyevlə bağlı da yaya bilər”. A.Şakiroğlu R.Quliyevin Azərbaycana qayıdıb-qayıtmayacağı barədə sualımıza belə cavab verdi: “Rəsul Quliyevin, ümumiyyətlə, Azərbaycana gəlmək kimi bir fikri yoxdur. Sözün yaxşı mənasında belə bir mövqeyinin olmamasını TV. Müsavata açıqlamasında özü də canlı yayımda ifadə edib. Onun ailəsi Amerikada yaşayır. Övladları, nəvələri, qızı və oğulları, ümumiyyətlə, birinci dərəcəli yaxın qohumları Amerikada yaşayır. Şəxsən Azərbaycana qayıtmaq fikri Rəsul Quliyevin özündə yoxdur. Nə vaxtsa xeyir işmi, yaxud hüzr olarsa, o zaman gəlmək istəsə, bu onun müstəsna hüququdur. Amma bu gün üçün belə bir məsələ gündəmdə deyil. Rəsul Quliyev hər dəfə bu mövzuda sual veriləndə öz mövqeyini açıq formada bildirib ki, Azərbaycana gəlmək kimi bir fikrim mövcud deyil. Dediyim kimi, sizin efirdə özü bunu dəfələrlə səsləndirib”.

Chosen
4
3
konkret.az

4Sources