Cənubi Sudanda baş verən son münaqişələr bu ölkəni yenidən vətəndaş müharibəsi astanasına gətirib.
Hafta.az-ın yazdığına görə, BMT-nin Cənubi Sudandakı missiyasına (UNMISS) aid helikopterin atəşə tutulması nəticəsində bir BMT əməkdaşının həlak olması və iki nəfərin yaralanması son vaxtlar artan gərginliyi açıq şəkildə ortaya qoyub.
Martın 7-də baş verən hadisədə BMT-nin helikpteri Cənubi Sudanın şimalında Yuxarı Nil əyalətində yerləşən Nasir şəhərində evakuasiya həyata keçirirdi.
Hadisədən sonra BMT-dən verilən açıqlamada sözügedən əyalətdə şiddətin artması və paytaxt Cubada siyasi gərginliyin 7 illik sülh razılaşmasını təhlükə altına atdığı bildirilib.
“New York Times”ın təhlilində Cənubi Sudanın müstəqilliyini əldə etməsindən təxminən 10 il sonra Şərqi Afrika ölkəsinin “sabitliyinin sarsıldığı” bildirilir.
Dünyanın ən gənc ölkəsi olan Cənubi Sudan 2011-ci ildə referendumda Sudandan ayrılaraq müstəqillik qazanıb. Lakin prezident Salva Kiir Mayarditin 16 dekabr 2013-cü ildə müavini Riek Maçarı “çevriliş cəhdi” ittihamı ilə vəzifəsindən azad etməsindən sonra ölkə vətəndaş müharibəsinə sürükləndi.
Tərəflər uzun illər davam edən müharibədən sonra 2018-ci ildə sülh sazişi imzalasalar da, müxtəlif tayfalar və qruplar arasında ara-sıra zorakılıq hadisələri baş verir. Son hadisələr bu gərginliyin daha da artmasına və sülh sazişinin iflasına səbəb ola bilər.
Maçar, tərəfdarlarının fevral ayından bəri hərtərəfli əməliyyatlarda Cənubi Sudan rəhbərliyi tərəfindən hədəf alındığını müdafiə edir. Human Rights Watch təşkilatının məlumatına görə, Maçarla əlaqəsi olan ən azı 22 əsgər və siyasi xadim saxlanılıb, onların əksəriyyətinin hara aparıldığı barədə məlumat paylaşılmayıb.
Maçarın mənsub olduğu Nuer qəbiləsinin üzvlərindən ibarət “Ağ Ordu” adlı milislər martın əvvəlində ölkənin şimalındakı Nasir şəhərini də ələ keçirib. Bunun üzərinə Maçarın rəhbərlik etdiyi müxalif Sudan Xalq Azadlıq Hərəkatı (SPLM-IO) partiyasından general Qabriel Duop Lam və neft naziri Puot Kanq Çol da daxil olmaqla bəzi şəxslər saxlanılıb.
Təhlilçilər həbslərin sülh sazişinin dağılmasına səbəb ola biləcəyinə diqqət çəkirlər. Müxaliflər Kiirin razılaşmaya əməl etmədiyini iddia edirlər. Gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərinin dəfələrlə təxirə salınması da müxalifət qruplarında narazılıq yaradıb.