EN

Xalq artisti: "300 qızdan sevgi məktubu almışam" - Müsahibə

Xalq artisti Tariyel Qasımov APA-nın “Əsrin yaşıdı” layihəsində.

Dosye: Xalq artisti Tariyel Qasımov 1939-cu ildə Ağstafa rayonunda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Elə o illərdən də özünü bu sənətdə sınayıb. Teatr və kino sahəsində bir-birindən maraqlı, unudulmaz rollar yaradıb. Hazırda Ağstafada yaşayır.

Tariyel müəllimin Bakıya gələcəyini təsadüfən öyrəndim. Belə fürsəti qaçırmaq olmazdı. O bir də nə vaxt şəhərə gələcəkdi. Mən nə vaxt Ağstafaya gedəcəkdim! Dərhal zəng vurdum, müsahibəyə razı saldım, lakin qatarının Bakıya gecə çatacağını söylədi. Mən də növbəti gün səhərə vədə aldım.

Budur, səhnəmizin qocaman aktyorunun qaldığı binanın qarşısında dayanmışıq.

O vaxtlar yeganə aktyor idim ki, qızlar mənə məktub yazırdı

- İstəyirsiniz müsahibəni evdə verim, istəyirsiniz parkda, – Tariyel müəllim qonşuluqdakı xudmani parkı göstərir, - ya da başqa yerdə. Amma evə gedəcəyiksə, bilin ki, orda şəraitsizlikdir.

- Hay-küysüz yer olsun.

- Mən bura ayda, ildə bir dəfə Bakıya çağıranda gəlirəm. Ona görə deyirəm, evdə qonaq qəbul etmək üçün şərait yoxdur.

- Əsas odur, sakitlikdir?

- Bəli.

- Onda bizi qane edir.

- Baxın da.

Binaya daxil olub sovetdənqalma sınıq-salxaq liftlə qalxırıq.

- Burda yaşamıram. Ancaq tədbirlərə çağıranda gəlib-gedirəm.

- Bu Prezidentin verdiyi evdir?

- Yox. Prezidentin verdiyi ev Əhmədlidə idi. Mənə, Siyavuş Aslana, Yaşar Nuriyə və Habil Əliyevə bir vaxtda vermişdi.

- Hansı Prezident?

- Heydər Əliyev. Sonra Siyavuş evini oğluna verdi, o da evi satdı. O birilər də köçdülər. Mən də fikirləşdim ki, qarı ilə özüməm, o boyda evi neyləyirəm, satıb bunu aldım.

Qapıdakı “JEK-ə gəlin” qeydini göstərib deyir:

- Baxın, JEK-ə çağırıblar. İstilik vermirlər, istilik pulu istəyirlər. Mən də acığa getmirəm.

Evə keçirik.

- Siz gələndə üzümü qırxırdım, yarımçıq qaldı. İcazə verin, işimi bitirim, sonra davam edək.

- Hə, rahat olun, gözləyərik.

Tariyel Qasımov dəhlizə güzgünün qarşısına keçib təraşa başlayır. Mənzilə göz gəzdirib soruşuram:

- Sizə deyəsən Prezident bir dəfə də ev vermişdi.

- Prezident iki dəfə ev verib mənə.

- Onu da Heydər Əliyev verib?

- Yox, İlham Əliyev. O mənə “Əmək” əmək ordeni də verib.

Masanın üzərindəki əşyaları qarışdırıram. Müsahibimin ordenləri, sənətə aid kitabları, cavanlıq şəkli qabağıma çıxır. Uzun saçlı, xarizmatik bir cavan ağ-qara şəkildən gülümsəyir.

- Cavanlıqda maşallah, yaman yaraşıqlı olmusunuz!

- Çox yaraşıqlı olmuşam! “Liftçi qız” filminə baxmısınız? Orda görürsünüz necə yaraşıqlıyam? O vaxtlar yeganə aktyor idim ki, qızlar mənə məktub yazırdı. – Üzünü qırxa-qırxa danışır. - Mən Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşam, ora məktəblilər çox gəlirdi. 300 qızdan sevgi məktubu almışam.

- O məktublar burdadır?

- Yox, rayona aparmışam.

- Nə əcəb yoldaşınız qısqanmır?

- Niyə qısqansın, gör nə vaxt yazılıb! İTV-də “Ötən günlər” verilişinə baxmısınız? Orada Mətanət İskəndərli dedi həmişə arzulayırdım ki, kaş Tariyel kimi ərim olaydı. Yoldaşım da yanımda oturmuşdu.

Gənc aktyorların içində yeganə mənim maşınım vardı, “Qaz-24” sürürdüm

- Məktublara cavab verirdiniz?

- Açığı cavab yazmamışam. Bilirsən, mən ancaq sevgi rolları oynamışam. Özü də mən xaricdə ən çox filmə çəkilən aktyorlardan olmuşam. Tacikistanda 3, Özbəkistanda 6 filmə çəkilmişəm, onun da biri 17 seriyadır, 23 film edir.

- Yaxşı qonorar alardınız.

- Çox güclü qonorar almışam. Gənc aktyorların içində yeganə mənim maşınım vardı, “Qaz-24” sürürdüm. Almaniyada filmə çəkiləndə günümə 3 min manat qonorar yazılırdı. Rasim Balayev isə “Nəsimi” filminə görə cəmi 3 min manat almışdı.

- Rasim Balayev də yaraşıqlı aktyorlardan olub.

- Hə.

- Yaraşıqda yarışırdınız?

- Yox. Mən sovet dövründə yeganə Azərbaycan aktyoru idim ki, xaricdə, “Mosfilm”də kinoya çəkilmişəm.

- “Çilidə gecə” filmində də çəkilmisiniz.

- Ay sağ ol. “Mosfilm”in sifarişi ilə Sebastyan Alarkon çəkmişdi. Çəkilişlərin bir hissəsi Bakıda olub, qalanı da Moskvada. Mən o filmdə Mayor rolunda oynamışam. İnqilabla bağlı film idi.

Tariyel Qasımov təraş işlərini bitirib, otağa keçir.

- Əynimi dəyişim, ya belə qalsın?

- Geyinsəniz yaxşı olardı, səliqəli görünərsiniz.

- Hə, düz deyirsən.

Dolabı açır.

- Hansını seçim?

Köməkləşib kostyumla dolu geyim dolabından Tariyel müəllim üçün birini seçirik, o da əynini dəyişib gəlir. Gözlərini ovuşdura-ovuşdura deyir:

- Gözlərim yaşarır, ona görə dərman tökürəm.

- Yenə də yaxşı qalmısınız. İdmanla məşğul olursunuz?

- Mən güləşçi olmuşam axı. Bədən Tərbiyəsi İnstitutunda oxumuşam. İndi də velosipedim var. Hər gün səhər tezdən sürürəm.

- Övladlarınız da rayonda sizinlə qalır?

- Yox, qarı ilə ikimizik.

Səməd Vurğun parkına yığışıb nərd yarışları keçiririk

- Neçə ildir rayonda yaşayırsınız?

- Qoy görüm? İndi neçənci ildir?

- 2025.

Fikrə gedir.

- Beşinci ildir.

- Gözdən uzaq olan, könüldən də iraq olar. Əyalətdə yaşamaq sizi şəhərin qaynar mədəni həyatından uzaq salmayıb?

- Yox, mən qıraqda qalmamışam. Tədbirlərə, verilişlərə çağırırlar.

- Unudulmursunuz?

- Qəti. Hətta bəzi tədbirlərə gəlmirəm, deyirəm ondan ötəri niyə gəlim.

- Bəs rayonda gününüz necə keçir?

- Həddindən artıq gözəl. Oranın həm təbiəti, havası gözəldir. Üstəlik də qoca kişilərik, Səməd Vurğun parkına yığışıb nərd yarışları keçiririk.

- Yaxşı oynayırsınız?

- Hə, yaxşı nərd oynayıram.

- Hamını udarsınız.

- Uduram.

- Aktyorlar arasında kim yaxşı nərd oynayırdı?

- Deyə bilmərəm. Qabaqlar oynamamışam, ancaq indi. Bütün günü çəkilişlərdə, tamaşalarda olurduq.

- Bəs asudə vaxtınızda...

- Asudə vaxtda da oturub yeyib-içirdik. Aktyorlar da vuran olur axı. Tay-tuşlarımızla hər gün içirdik.

- Yaxın dostlarınız kim olub?

- Mənim ən yaxın dostlarım-qardaşlarım Şahmar Ələkbərovla Əbluc Həsən olub.

- Həsən Əbluc.

- Hə, Həsən Əblu. Bizə “Üç muşketyor” deyərdilər. Hər işdə üçümüz idik.

- Onları tez-tez xatırlayırsınız?

- Əlbəttə, gecə-gündüz xatırlayıram. 1956-cı ildə orta məktəbi bitirəndən sonra atam məni Bakıya gətirdi. O çox istəyirdi ki, mühəndis olum. Sözümün birini qoyub o birinə keçirəm. Deməli, mən məşhur olandan sonra atamdan bir müsahibə götürmüşdülər. Orda atamdan soruşurlar ki, ay İskəndər kişi, oğlunuz bu qədər məşhurdur, xarici ölkələrdə filmlərə çəkilir, onunla fəxr eləyirsizmi? O da demişdi ki, fəxr eləyirəm, amma çox istəyirdim ki, o mühəndis olsun, binalar tiksin, xalqa xidmət eləsin. O isə sözümü eşitmədi.

Müəllimim dedi “Səndən artist olmayacaq”


- Maraqlıdır, kənddə böyüyən bir oğlanın birdən-birə artistliyə həvəsi hardan yaranmışdı?

- Atam kolxoz sədri olduğuna görə, Bakıdan gələn bütün artistləri, xanəndələri tamaşadan, konsertdən sonra evə qonaq gətirərdi. Şövkət Ələkbərova, Sara Qədimova, Ələsgər Ələkbərov, Həsənağa Salayev kimi böyük artistlər dəfələrlə bizdə qonaq olublar. Onlar da səhərə kimi yeyirdilər, içirdilər, çalırdılar, oxuyurdular... Mən də onlara baxıb öz-özümə deyirdim ki, nə yaxşı həyatları var, böyüyəndə mən də artist olacam.

Xülasə, atam məni Bakıya gətirdi. Bədən Tərbiyəsi İnstitutunun rektoru Ənvər Babayev atamın dostuydu. Atam istəyirdi ki, heç olmasa bir il orda oxuyum, özümə gəlim, sonra məni “Politexnik”ə düzəltmək istəyirdi.

- Pulla?

- Bəs nə!

- Bəs deyirlər, o dövrdə rüşvət, pul söhbəti yox idi?

- Niyə yox idi! Məni “Bədən Tərbiyəsi”nə qoymağa 3 min manat almışdılar. Hə, nə deyirdim, “Bədən Tərbiyəsi”ndə oxuyuram, artistliyə həvəsim vardı axı. Eşitdim ki, “26-lar” Mədəniyyət Sarayında dram dərnəyi var. “Səhər” filmində Aslanı oynayan Lütfü Məmmədbəyov da dram dərnəyini aparırdı. Mən o dərnəyə yazıldım və orda Şahmarla, Həsənlə dostlaşdım. Onlar şəhər uşağı idi, mən kənd, amma necə oldusa, mehribanlaşdıq. Bir gün dərnəyə getmədim, səhəri gün dərsdə Lütfi müəllim soruşdu ki, dünən niyə gəlməmişdin? Dedim, mən “Bədən Tərbiyəsi”ndə oxuyuram, özüm də güləşçiyəm, dünən yarışda idim. Dedi, hə? Onda sən bu gündən azadsan, get güləşlə məşğul ol, səndən onsuz artist olmayacaq.

- Acıladı?

- Quruyub qaldım. Dedi nəyə durmusan, çıx bayıra. Mən bayıra çıxıb foyedə ağladım. Bir on dəqiqə sonra Şahmarla Həsən yanıma gəldilər. Şahmar Həsənə dedi ki, gedib Lütfi müəllimdən xahiş eləsin, məni geri qaytarsın. Həsən də o saat qaçdı. Bir də gördük gülə-gülə gəlir. Lütfi müəllim deyib ki, gəlsin, amma bir də dərsdən qalmasın. Tale elə gətirdi ki, Lütfi müəllimlə mən eyni gündə Xalq artisti olduq.

- 1991-ci ildə?

- Bəli. İşə bax, müəllimimlə bir vaxtda Xalq artisti adı almışam. Özü də kimlə, mənə “Səndən artist olmayacaq” deyən adamla.

- Bu, taleyin ona cavabı olub.

- Bəli. Sözüm ona, bundan sonra Bədən Tərbiyəsi İnstitutunun üçüncü kursundan İncəsənət İnstitutunun birinci kursuna keçdim. Atam bunu eşidəndə anamı Bakıya sorağa göndərdi ki, get oğluna denən, ya geri qayıtsın, ya da mənim o adda oğlum yoxdur. Anam gəldi ağladı ki, atan qəzəblənib, deyir geri qayıtsın. Dedim mən artist olacam, geri qayıtmayacam. Bundan sonra atamla münasibətlərim pozuldu, düz on il mənlə danışmadı.

- Niyə belə eləmişdi ki?

- O vaxt aktyor olmağa çox pis baxırdılar. Atam da kolxoz sədri idi. Mühəndis olmağımı, xalq üçün binalar tikməyimi, xalqa fayda verməyimi istəyirdi.

Nənəm iməkləyə-iməkləyə atamın qabağına getdi

- Kolumbiya yazıçı Qabriel Qarsiya Markes danışır ki, ədəbiyyat üzrə Nobel mükafatı alandan sonra jurnalistlər anasından soruşurlar ki, oğlunuzla fəxr edirsizmi? Anası da cavab verir ki, monastıra rahibə getmiş qızımla daha çox fəxr edirəm.

- Elə məndə də o cür oldu. Atam daha mənə pul göndərmədi. Mən də bir erməninin evində kirayə qalırdım. Şahmar bir gün gəlib gördü ki, bikefəm. Ona atamın ismarıclarını söylədim. Şahmar qayıtdı ki, dur, şey-şüylərini yığışdır, gedək bizə. Mən də nəyim vardı götürüb getdim. Beləcə düz dörd il heç bir təmənna olmadan Şahmargilin evində qalmışam, anası İzulət xala anam olub, qardaşları qardaşım. “Azdrama”nın düz yanında qalırdılar. Şahmarın atası rəhmətə getmişdi. İzulət xala o dörd ildə məni övladlarından ayırmadı, mən də artistliyi oxuyub başa çatdırdım.

- Atanız müharibədə iştirak etmişdi?

- Hə, etmişdi. Atam müharibədən 1945-ci ildə qayıtdı. Hə, dəqiq o vaxt qayıtdı, çünki bacım 46-cı ildə anadan olmuşdu.

- Yaralanmamışdı?

- Yox, yaralanmamışdı. Gələndən sonra partkom oldu, sonra da kolxoza sədr verdilər.

- Atanızın müharibədən qayıtmağı yadınızdadır?

- Hə yadımdadır. Onda əsgərlər Bakıdan qatarla gəlirdilər. Uşaqlardan kimsə nənəmi muştuluqladı ki, İskəndər əmi gəldi. Nənəm yuxa yayırdı, durdu, qışqırdı ki, ay Tariyel, ay Tariyel, sonra iməkləyə-iməkləyə atamın qabağına getdi, mən də yanınca. Atam nənəmi görüb çiyinlərindən yapışdı və qaldırdı, qucaqlaşıb ağlaşdılar.

- Lap Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeirini xatırlatdı. Atanız müharibədə olan zaman nənəsiz də sizə o şeirdəki kimi təsəllilər verirdi?

- Hamısı yadımda deyil, ancaq dəcəllik eləyəndə elə ki anam məni döymək istəyirdi, nənəm tez məni qucağına götürürdü. Anam oxlovla vurmaq istəyəndə əllərini, qollarını qabağa verirdi. Tariyel, - deyirdi, - oğlumun yadigarıdır, onu vurmağa ixtiyarın yoxdur.

- Siz ailədə böyük uşaq olmusunuz?

- Hə, ilk övlad mənim idim, müharibədən sonra da bacım və o biri uşaqlar doğuldu. Mən elə nənəmin qucağında böyümüşəm.

- Dolanışığınız çətin idi?

- Deyim ki, yox. Anam kəndin bağçasının müdiri, babam da aqronom idi. Yəni bizdə kasıbçılıq olmayıb.

- Atanız sizinlə nə zaman barışdı?

- 1966-cı ildə “Liftçi qız” çıxmışdı, mənim birinci filmimdir. Kimsə atama gəlib deyib ki, Tariyel kinoya çəkilib. Atam da həmin adamı söyüb kabinetdən qovub. İnanmayıb. Sonra ayrı adam gəlib deyib. Sən demə, həmin vaxt kənddə “Liftçi qız”ı göstərirlərmiş. Atam da tapşırıb ki, kinomexanikə desinlər, lenti gətirib evdə qoşsun. Daha kənddə camaat arasında baxmayıb, gəlib evdə tək baxıb. Görüb ki, mən də əməlli-başlı artistəm. Ondan sonra mənimlə barışdı. Sonralar hara gedirdisə, məndən fəxrlə danışırdı ki, Tariyel Qasımovun atasıyam. Bir gün atamdan soruşdum ki, mən artist olmaq istəyəndə razılaşmırdın, indi necə olur, hər yerdə fəxrlə danışırsan? Atam bir əhvalat danışdı ki, yadındadır, sən uşaq olanda bir yaşlı kişi ilə qadın ildə bir neçə dəfə bizə gəlir, günlərlə əl damında qalır, sonra çıxıb gedirdilər. Həmən adamlar bir vaxtlar artist olmuşdular, pensiya yaşları çatanda isə teatrdan çıxarılmışdılar deyə sərkərdan həyat yaşayırdılar. Mən də qorxurdum ki, sən də qocalanda evsiz-eşiksiz qalarsan, ona görə aktyor olmağını istəmirdim.

İrəvan Dövlət Teatrının açılışında Balaşı oynadım

- Belə çıxır, atanızda uzaqgörənlik olub. Çünki pensiya yaşınız çatanda teatrdan çıxdınız. Sizin və Yasin Qarayevin teatrdan getməyi mətbuatda da rezonans yaratmışdı.

- Hə, elə bir şey oldu. Pensiya yaşımız çatdığı üçün bizi teatrdan çıxarırdılar. Mətbuatda da Aqil Abbas, başqaları bizi müdafiə elədi. Amma mən söhbətin çox uzanmasını istəmədim, ərizəmi yazıb çıxdım, Yasin yazmadı. İndi söhbət açılanda teatrdan deyirlər ki, öz ərizəsi ilə çıxıb. Halbuki Gənc Tamaşaçılar Teatrının foyesində hələ də şəklim qalıb. Pensiya yaşına çatan aktyoru teatrdan uzaqlaşdırmaq olmaz. Teatr aktyorun evidir. Aktyorun meyiti teatrdan götürülüb qəbiristanlığa aparılmalıdır. Ancaq mən gərək teatrdan çıxmazdım, qalıb oynayaydım.

- İnciksiniz?

- Əlbəttə.

- Ürəyinizdə oynamaq istədiyiniz hansısa rol qalıb?

- Hansı rolu istəmişəm, oynamışam. Bəzən o qədər çox rolum olub, bəzilərindən imtina eləmişəm. Mənim ən böyük arzum “Sən həmişə mənimləsən” tamaşasında Həsənzadəni oynamaq idi. Onu da 60 yaşım olanda Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə özüm səhnəyə qoyub oynadım. Ona qədər də rejissor kimi bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdum.

- Siz İrəvan Dövlət Teatrının da qurucularındansınız.

- İrəvan Teatrının ilk tamaşalarında mən oynamışam. O vaxt Naxçıvanda işləyəndə məni oradan dəvət etmişdilər. Getdim, İrəvan Teatrının yaranmasında iştirak elədim. Açılışda Balaşı oynadım, özüm də tamaşalara quruluş verirdim. Açılış Sundukyan Teatrının binasında baş tutdu.

Rasim Balayev yalan danışır

- Ermənilər də tamaşalara gəlirdilər?

- Hə, çox gəlirdilər.

- Siz Dağıstanda da Dərbənd Teatrını yaratmısınız.

- Bəli, orada direktor və bədii rəhbər olmuşam. Mənim quruluş verdiyim tamaşa ilə Dərbənddə Azərbaycan Dövlət Dram Teatrı yaranıb. İsi Məlikzadənin “Gəl qohum olaq” tamaşasına quruluş vermişdim. Bilirsən, bizim sənət, xüsusən teatr aktyorluğu çətin, əziyyətli sahədir. Bir dəfə Rasim Balayevə sual vermişdilər ki, teatrda oynamaq çətindir, yoxsa kinoda? O da cavab vermişdi ki, kinoda. Məndən də eyni sualı soruşanda demişdim, Rasim Balayev yalan danışır, teatrda oynamaq çətindir. Kinoda kameranın qarşısında səhv eləmək haqqın var. Teatrda isə hər dəfə yüzlərlə tamaşaçının qarşısına çıxırsan. Ayağın dolaşdı, yıxıldın, yaxud sözdə çaşdın, deyəcəklər bu heç aktyor deyil. Bir kinoya ki baş rola küçədən keçəni çəkirlər, olur əla. Küçədən keçən gəlib artist olursa, o sənət deyil. Dünyada buna nə qədər nümunə var. Amma teatr aktyoru olmaq üçün gərək məktəb keçəsən, təhsil alasan.

- Tariyel müəllim biliklərinizi gənclərə də aşılayırsınız?

- Kim müraciət edirsə, bildiklərimdən öyrədirəm. Sağ olsunlar, axtarırlar da. Elşən Rüstəmovu bir dəfə mənə dublyor yazmışdılar. Rejissoru məcbur elədim ki, birinci o oynasın, sonra mən. Qoy deməsin ki, məni Tariyelə dublyor veriblər. Mən özüm Elşənə dublyorluq elədim. Özü də öz eloğlumun, Nəbi Xəzrinin “Dan ulduzu” tamaşası qoyulmuşdu, oynamasaydım inciyərdi.

- Nəbi Xəzri ağstafalıdır?

- Bəs haralıdır?

- Xırdalanlı deyil?

- Xeyir. Xəzri təxəllüsünə baxma, qazaxlıdır.

Xuraman Hacıyevaya dedim, gəl evlənək

- Ay Tariyel müəllim, onun yoldaşı qazaxlı idi. Üç yazar - İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq olub, şair Davud Nəsibin bacılarını almışdılar. Yəqin, ona görə deyirsiniz.

- Daha orasını bilmirəm.

- Mənə elə gəlir ki, siz bəxti gətirən aktyorlardansız.

- Bəli, elədir. Bu Allahın mənə verdiyi bir lütfdür. Allah məni çox istəyir.

- Bu bəxtigətirmişlikdə yaraşığın da rolu var?

- Sözsüz. Amma tək yaraşıqla qabağa getmək olmaz, gərək istedadın da olsun. Rəhmətlik Ramiz Məlikov da yaraşıqlı idi. Amma Balaşı oynamağı mənə həvalə etmişdilər. Rəhmətlik Əli Zeynalov o qədər də yaraşıqlı olmasa da, böyük sənətkar idi. Üzündən nur yağırdı. Yaraşıqla istedad üst-üstə düşəndə fısqırıq olur. Mən sevilən aktyor olmuşam. “Liftçi qız”dan üzü bəri bəxtim gətirdi, eləcə də getdi. Görünür, istedad da var imiş.

- Adətən, belə bir dilemma ilə daha çox aktrisalar qarşılaşırlar: Sənətlə ailə arasında seçim etməli olurlar, ailəni sənətə qurban verirlər. Aktyorlar da bu cür seçim qarşısında qalırlar?

- Bu yaxşı sualdır. Kişilərin də belə dilemması olur. Biz Rza Təhmasibin tələbəsi olmuşuq. Qrupda on qız, on oğlan idi. Bir dəfə ondan səbəbini soruşanda dedi ki, belə-belə bu cür seçib. O bizə deyirdi ki, kursu qurtaranda hərəniz bu qızlardan biri ilə ailə qurun ki, sizi başa düşsünlər. Başqası sizi başa düşməyəcək. Belə olanda mən Xuraman Hacıyevaya meyilləndim. Dedim Xuraman gəl evlənək. Sən qəşəng qızsan, mən də pis oğlan deyiləm. Razılaşdı. Amma dedim Xuraman, bir şərtlə, mən artist olum, sən yox. Sən başqa sahə ilə məşğul ol. Dedi yox, bəs mən artistliyi niyə oxuyuram? Dedim yox, onda bizimki tutmaz. Tutmadı da.

- Niyə yoldaşınızın aktrisa olmağını istəmirdiniz?

- Bilirsən, mən teatrda işləmişəm, bilirəm də nə deyirəm. Səbəbini açıqlamaram, yaxşı düşməz, amma heç vaxt istəməmişəm ki, yoldaşım aktrisa olsun. Bəlkə də mən kənd uşağı olduğum üçün düşünmüşəm ki, kişinin də arvadı artistmi olar? Həm də bəzi şeyləri gözüm görmüşdü, qorxmuşdum.

- Daha atanızla nə fərqiniz oldu?

- Yox. Atam düz eləmirdi, amma mən düz eləmişəm.

Xuramanın da kürəkəni evini satıb onu çöllərdə qoydu

- Belə çıxır, qızınızı da aktrisa olmağa qoymazdınız.

- Qəti qoymazdım. Oğlum amma kino rejissorudur.

- Atanızın başqa formasınız, onu çox günahlandırmayın.

- Elədir.

- Bəs kimlə evləndiniz?

- Həkimlə.

- O da pərəstişkarlarınızdan idi?

- Yox. O vaxt pioner düşərgəsində işləyəndə tanış olmuşdum. Sözümüz tutdu, evləndik. Sonra da tale elə gətirdi ki, ayrıldıq.

- Çoxdan ayrılmısınız?

- On il olar.

- İkinci evliliyinizdən övladınız yoxdur?

- Yox. Qoymadım. Böyük səhv eləmişəm. Çox peşman olmuşam. Deyirdim ki, mənim uşaqlarım var. Halbuki düz eləməmişəm. Bu mənim həyatda ən böyük səhvimdir.

- Birinci evlilikdən neçə övladınız var?

- Bir qız, bir oğlan. Artıq qız nəvələrim də var.

- Bayaq Şahmar Ələkbərovla Həsən Əblucun adını çəkdiniz. Bəs qadın artistlərdən kimlərlə yaxın dost olmusunuz?

- Çox aktrisa ilə dostluğum olub, amma sevgili olmamışam. Xuramanla da o qədər bir yerdə oynamışıq ki, hamı elə bilirdi, həyat yoldaşımdır, halbuki elə şey olmayıb. Mənə ünvanlanan məktublarda yazırdılar ki, həyat yoldaşınız Xuraman xanıma bizdən salam deyin. Xuramanla niyə dost olmuşuq? Çünki bir çox tamaşada sevgi rolları oynamışıq, tərəf müqabili olmuşuq. Ona görə də heç vaxt Xuramana pis gözlə baxmamışam, səmimi dostluğumuz olub. Amma yazıq Xuramanın taleyi yaxşı gətirmədi. Qızını çox ərköyün böyütmüşdü. O da anasının başına oyun açdı. Türkə ərə getmişdi. Kürəkən də evi satdı. Xuraman ömrünün son illərini küçədə qaldı.

- “Sənətin lənəti” deyə bir ifadə var. Yəni sənət adamları şöhrətin, məşhurluğun lənətini yaşayırlar. Çoxunun ailə həyatı uğurlu olmur, övladları ilə münasibətləri pozulur, övladlarının güdazına gedirlər. Bu barədə nə düşünürsünüz? Siyavuş Aslanın oğlu narkotik istifadəçisi oldu, Arif Quliyevin oğlu... Sanki sənət tərəzinin bir gözündə xoşbəxtlik, o biri gözündə də bədbəxtlik gətirir.

- Yox, elə şey yoxdur. Sadəcə, biz sənət adamları göz qabağındayıq. Ona görə hamı bizi görür. Mənim oğlum çox tərbiyəli insandır.

- Sizi demirəm.

- Siyavuş məgər pis adam idi? Oğlu narkoman çıxmışdı də. Xuramanın da kürəkəni evini satıb onu çöllərdə qoydu. Öləndə də səhnədən götürdülər.


Arif əl çəkmədi ki, sabah da mən sənə qonaqlıq verəcəm

- Bəlkə, bu “lənət” gərgin aktyor həyatından irəli gəlir. Tamaşa axşam 10-11-də bitir. Aktyor qrimini təmizləyib, əynini dəyişənə kimi gecə yarı olur. Bəzən tamaşadan yorğun çıxıb dostlarla oturur. Qastrollar, məşqlər, televiziya çəkilişləri də bir yandan. Bütün bunlar ailəyə diqqət ayırmağa imkan vermir.

- Elədir, övlada tərbiyə verməyə vaxt olmur. Elə ona görə aktyorun da həyat yoldaşı gərək aktrisa olsun. Mən bunu sonralar başa düşdüm. Onda uşaqları da özləri ilə bir yerdə teatra apararlar, bir yerdə də evə gələrlər. O qədər aktyor var ki, övladları elə teatrda böyüyüb. Arifi deyirsən. Arif çox yaxşı, xeyirxah insan idi. Ölümündən bir müddət əvvəl Telman adlı operator dostumuzla gəlmişdi, onlara qonaqlıq verdim. Sağollaşanda Arif əl çəkmədi ki, sabah da mən sənə qonaqlıq verəcəm. Səhər görüşün vaxtını dəqiqləşdirmək üçün zəng elədim, gördüm boğuq səslə danışır. Dedim, ayə artistlik eləmə, artistliyə qalsa, mən səndən yaxşı artistəm. Bu vaxt uşaq dəstəyi aldı, dedi ki, Tariyel əmi, atam koronoavirusa yoluxub, xəstəxanaya gətirmişik. On dəqiqədən sonra uşaq zəng elədi ki, Tariyel əmi, atam öldü. Bax, Ariflə bizim son görüşümüz belə olub.

- Arif Quliyev gecə saatlarında ölməyib?

- Xeyr, səhər ölüb, koronavirusdan xəstəxanaya gətiriblər, orada ölüb.

- Axı mən onun oğlu ilə gecə bir radələrində danışmışam, atasının öldüyünü deyib, xəbərini vermişəm. Deyirəm, yaddaşınız...

- Mən Qurana da əl basaram, belə olub hadisə!

Tariyel müəllimin xətrinə dəyməmək üçün mübahisə etmirəm.

- Qoy siz deyən olsun... Tariyel müəllim, kənardan çox cazibəli görünən teatr içəridən necə görünür?

- Mən teatrın içini açmaq istəmirəm. Bircə söz deyim, bu söhbəti bağlayaq: Artistlərin içində olan paxıllıq heç yerdə yoxdur.

- Sizə paxıllıq edənlər çox olub?

- O qədər! Yeganə artist idim ki, xaricdə filmlərə çəkirdilər. Haqqımda çox deyiblər. Allah tərəfi onu da etiraf ediblər ki, Tariyel xeyirxahdır, əltutandır. Məndən kim xahiş edibsə, köməklik etmişəm. Çünki mən çox məşhur idim. Katiblər, icra başçıları, prokurorlar, rəislər məni eşidirdilər. Bu vaxta kimi bir dənə xahişim yerə düşməyib. Bu gün də belədir.

- Elə isə dövlətdən, hansısa qurumdan umu-küsünüz yoxdur? Adətən, artistlərin bir umu-küsü damarı da olur.

- İki dəfə ev verilib, bütün titulları almışam, hörmət görmüşəm. Bundan artıq nə ola bilər? Mənim adım o vaxt “Şöhrət” ordeninə yazılmışdı. Qəzetdə adım “Əmək” ordenində çıxdı. Özümü itirdim. Ordenin təqdimetmə mərasimində də Əbülfəs Qarayev söz deməyimi istədi, demədim. Mənə “Şöhrət” yerinə “Əmək” verilməsinə görə acığım tutmuşdu. Səhəri günü teatrda hansısa tədbir idi. Fərəh xanım Əliyeva da orada idi. Yaxınlaşdım, dedim Fərəh xanım, yəni mən “Şöhrət” ordeninə layiq deyiləm? O da təəccübləndi ki, bu nə sözdür! Prezident özü bu adı sizə verib. Sizin adınız “Şöhrət” ordeninə yazılmışdı, o götürüb “Əmək” ordeninə yazıb. Fərəh xanım soruşdu ki, Azərbaycanda “Şöhrət” ordenli nə qədər adam var? Dedim, çox. Bəs “Əmək” ordenli neçə adam var? Ondan əvvəl öyrənmişdim ki, bu mükafatı birinci Tahir Salahov alıb, ikinci də akademik Yaqub Mahmudov. Dedim, iki. Dedi, hə, sən də üçüncüsən. Bundan artıq nə istəyirsən? Yəni, dövlət mənə artığını, gözləmədiyim şeyləri edib. Ona görə həyatımdan da, bu sənəti seçməyimdən də razıyam. Səhhətim də şükür Allaha qaydasındadır.

- İnşallah, 90 yaşınızda “Şöhrət” verərlər.

- “Şöhrət” “Əmək” ordenindən aşağıdır.

- İçkiyə meyilli olmusunuz?

- Bəli. Amma bir nəfər adam deyə bilməz ki, mən Tariyeli sərxoş görmüşəm.

- İçki aludəçisi olmuş sənətkarlardan Səməndər Rzayevin, Eldəniz Zeynalovun, Yaşar Nurinin və daha kimlərini adını çəkmək olar.

- Mən onlardan çox içirəm, amma bir nəfər deyə bilməz ki, Tariyel yırğalana–yırğalana gedirdi, piyan gördük. Qətiyyən. Bu gün də deyə bilməzlər. Ona görə, işimə ciddi olmuşam, zəhmətkeş olmuşam, işimə məsuliyyətlə yanaşmışam. Mən çox ciddi aktyoram, çox ciddi rol oynamışam, həyatda da ciddi olmuşam.

- Sözümü ona gətirirəm ki, siz bu cür həyatla yanaşı, İrəvan, Dərbənd kimi teatrların quruculuğunda da iştirak etmişiniz.

- Qazax Teatrının direktoru olmuşam, Naxçıvanda işləmişəm.

- Yəni təkcə səhnə fəaliyyəti ilə kifayətlənməmisiniz, həm də əməkçi olmusunuz, zəhmətkeş həyat sürmüsünüz. Yəqin “Əmək” ordeni veriləndə də bu xüsusiyyətiniz nəzərə alınıb.

- Əlbəttə. Yəni eyni zamanda, zəhmətkeş olan aktyor çox azdır. Ona görə də “Əmək” ordeni alan yeganə aktyoram.

- Tariyel müəllim, gəlib 86 yaşa çıxmısınız. Oynadığınız saysız-hesabsız rolların içində taleyin biçdiyi ömür rolu necə idi, xoşunuza gəldimi?

- Əlbəttə, çox xoşuma gəldi.

- Bir də bu taleyi təzədən yaşayardınız, yoxsa atanızın istəyi ilə mühəndis olardınız?

-Allah məni çox istəyir ki, bu yola düzəldim. Mən bu gün bu həyatı yaşadığım üçün, belə şöhrət qazandığım, belə sayılıb-seçildiyim üçün Şahmara “Allah rəhmət eləsin” deyirəm. O, olmasaydı, bunlar heç biri yaşanmayacaqdı.

Və mən aktyor olmayacaqdım!

***

Müsahibə yekunlaşır. Əlavə şəkillər çəkdirmək üçün qonşuluqdakı parka çıxırıq. Tariyel müəllimdən “Üç muşketyor” barədə yadında qalan əhvalatlardan birini danışmağını istəyirəm. O əhvalatlardan ki, indi onların tək şahidi istisnasız özüdür. Hafizəsinə güc gəlir... Nəhayət xatirə dağarcığındakı əhvalatlardan birini gün üzünə çıxarır:

Bir dəfə Həsənlə Şahmar bizim rayona gəlmişdilər. Onda atamın kolxozunun Ermənistanda yaylaqları var idi. Yayda kənddə hamı yaylağa qalxırdı. Atam bizi də yolladı. Bir həftə yaylaqda qaldıq. Ayıq vaxtımız heç olmadı. Qəşəng yedik-içdik, gəzdik. Qayğısız günlər idi. Bir gün Şahmar dedi, gəlin başımızı keçəl qırxdıraq, dağın təmiz havası dəysin, başımız dincəlsin. Ağlımıza batdı, bir erməni bərbər tapıb yanına getdik. İndi bərbərxanada Şahmarla Həsən məni qabağa verirlər ki, sən böyüksən, birinci sən başını keçəl qırxdır. Nə isə, oturdum, bərbər mənim başımı qırxdı. Həsən dedi ki, yol kiçiyindir, Şahmar da qırxdırsın. Erməni Şahmarın da başını ülgüclə qırxdı. Həsənə növbə çatanda götürüldü. İndi necə qaçır?! Şahmarla çatıb Həsəni tutduq, hərəmiz bir tərəfindən yapışdıq, gətirib uzatdıq dəlləyin qabağına ki, ay erməni qırx! Məcburi onun başını da daz qırxdırdıq. Bakıya qayıdanda anası Həsəni tanımayıb evə buraxmamışdı...

...gülə-gülə, qəhqəhə çəkə-çəkə danışır Tariyel müəllim. Və qəfildən gülüşlər, qəhqəhələr ötüb keçmiş xoşbəxt zamanın xiffətindən doğulan intəhasız bir kədərə təslim olur. Mən bilirəm... Bu tanış kədər qos-qocaman ömrə çoxdan rəfiqlik edir – əziz-əziz dostlarını itirdiyi o illərdən bəri...

Chosen
1
50
kulis.az

10Sources