EN

Tramp-Putin danışığı: Rusiya-Ukrayna müharibəsinin gedişində nə gözlənilir? - TƏHLİL

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında martın 18-də baş tutan telefon danışığı Ukrayna böhranı ilə bağlı az da olsa bəzi ümidlərə yol açıb.

Görüşün əsas nəticəsi Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları 30 gün müddətinə dayandırmağa razı olmasıdır. Bununla belə, bu addım genişmiqyaslı atəşkəsə çevrilmir. Çünki Moskva hərbi əməliyyatların tam dayandırılmasını Qərbin Kiyevə hərbi yardımını kəsməsi ilə şərtləndirir - bu isə nə Ukrayna, nə də onun müttəfiqləri üçün qəbulolunan kimi görünür.

Prezident Tramp telefon danışığını məhsuldar adlandıraraq, münaqişəyə son qoymaq üçün hər iki tərəfin istəyini vurğulayıb. O, hərtərəfli sülhə nail olmaq üçün səylərin davam etdiyini bildirib.

Analitiklər isə hesab edir ki, uzunmüddətli sülhə nail olmaq üçün ciddi və davamlı diplomatik səylər tələb olunur.

Kreml vaxt udmağa çalışır?

Александр

Ukraynalı hərbi və siyasi şərhçisi Oleksandr Kovalenko Tramp və Putin arasında telefon danışığını APA-ya şərh edərkən Rusiyanın qeyri-real tələblərlə çıxış etdiyini və danışıqları uzatmaqla vaxt qazanmağa çalışdığını bildirib.

Kremlin əsas məqsədi prosesi ləngitmək, resurs toplamaq, nəticədə danışıqları pozaraq hərbi yenidən əməliyyatlara başlamaqdır. Putinin bu taktikası bizə tanışdır. O, ultimativ tələblər irəli sürərək, yerinə yetirilməsi mümkün olmayan şərtlər qoyur. Bununla da Rusiya vəziyyəti daha da mürəkkəbləşdirir və danışıqların real nəticə verməsinə mane olur.

Ekspert bildirib ki, Putin yalnız formal olaraq danışıqlara maraq göstərir, əslində, prosesə ciddi yanaşmır, Ukrayna isə bu cür diplomatik oyunlara qarşı ehtiyatlı davranmağa çalışır.

Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, hərbi ekspert İqor Korotçenko isə APA-ya açıqlamasında Vladimir Putinlə Donald Tramp arasında telefon danışığını, eləcə də Ukrayna böhranının sülh yolu ilə həllinin praktiki mexanizmlərinin müzakirəsini müsbət qiymətləndirib. Ekspert Putinin enerji infrastrukturuna hücumların 30 gün müddətinə dondurulmasına razılıq verməsini Kremlin praktiki dinc nizamlanmaya hazır olmasının nümayişi adlandırıb: “Vladimir Putinin Ukraynanın enerji infrastrukturuna hücumların 30 gün müddətinə dondurulmasına razılaşması, əlbəttə ki, Moskvanın xoşməramlı addımıdır. Bu, Trampın dilə gətirdiyi istəklərini maksimum şəkildə yerinə yetirmək niyyətidir. Bununla yanaşı, Rusiya 30 gün ərzində Ukraynanın enerji infrastrukturuna hücum etməməyi öhdəsinə götürsə də, döyüşlər eyni intensivlik və şövqlə davam edir. Bu gün Rusiya bütün döyüş təmas xətti boyunca hücum əməliyyatları keçirməyə, yeni əraziləri azad etməyə və yeni yaşayış məntəqələrinə nəzarət etməyə nail olur. Bununla bağlı bir daha vurğulamaq istərdim ki, hərbi əməliyyatlar tam dayandırılmamışdan əvvəl Putinin Trampla söhbətində əsas kimi göstərdiyi şərtlər yerinə yetirilməlidir”.

Putinin tələbi

Putinin

Telefon danışığı zamanı Vladimir Putin Qərbin Ukraynaya hərbi yardımını dayandırmasını tələb edib. Rusiya lideri bu dəstəyin münaqişəni uzatdığını və gərginliyi artırdığını vurğulayıb. Oleksandr Kovalenko isə Putinin bu tələbinin qeyri-real olduğunu bildirir. O bu tələbi “tamamilə absurd” adlandırıb: “Qərbin Ukraynaya hərbi yardımı olub, var və olacaq. ABŞ bu yardımı dayandıra bilər, lakin Avropa yardım etməyə davam edəcək. Üstəlik, Ukrayna bu yardımdan imtina etməyəcək. Ona görə də Putinin tələbi heç bir məntiqə sığmır, üstəlik, onun əvvəlki açıqlamaları ilə də ziddiyyət təşkil edir. Bir müddət əvvəl Putin Qərbin silah tədarükünün Ukrayna ordusuna təsir etmədiyini və Rusiya ordusunun bütün məqsədlərinə nail olacağını bildirmişdi. Əgər belədirsə, o zaman niyə indi bu yardımın dayandırılmasını tələb edir?

Ukraynalı hərbi ekspert qeyd edib ki, Kiyevə hərbi yardımla bağlı proses yalnız Avropa və ABŞ-la məhdudlaşmır.

Ukrayna təkcə Avropa ölkələrindən deyil, həm də Türkiyə, Pakistan və Hindistandan da müəyyən hərbi dəstək alır. Hətta Pakistan və Hindistan kimi tarixən fikir ayrılığı olan ölkələr belə Ukrayna məsələsində vahid mövqe sərgiləyir. Kremlin əsas məqsədi danışıqların vaxtını mümkün qədər uzatmaq və öz mövqelərini gücləndirməkdir. Hazırda baş verənlər real sülh danışıqlarından çox, münaqişəni dondurmaq və gələcəkdə yenidən alovlandırmaq cəhdidir”, - deyə Kovalenko vurğulayıb.

Qərb Ukraynaya dəstəyi dayandırmalıdır?

Ukraine's

İqor Korotçenko isə Qərb koalisiyası ölkələrindən Ukraynaya istənilən növ silah və hərbi texnikanın tədarükünün dayandırılmasının zəruriliyini qeyd edib: “Qərb Ukraynaya dəstəyi dayandırmalıdır, bu dəstək münaqişəni uzadır. Putin eyni zamanda bəyan edib ki, Ukrayna kişilərin Ukrayna Silahlı Qüvvələrinin sıralarına məcburi səfərbər edilməsini dayandırmalıdır. Çünki Ukraynada küçələrdə 18-65 yaş arasında olan kişilər tutularaq cəbhəyə göndərilir”.

Korotçenko Qərblə Rusiya arasında hərbi-siyasi vəziyyəti şərh edərək bildirib ki, Rusiya ilə kollektiv Qərb ölkələri arasında qarşıdurma davam edir.

Belə bir neqativ siyasətin davam etdirilməsinin əsas mənbəyi, ilk növbədə, Rusiya Federasiyasına qarşı tamamilə aqressiv münasibətdə olan Avropa İttifaqının rəhbərliyidir. Onlar hələ də Rusiyanı məğlub etmək üçün Ukraynadan istifadə etməyi planlaşdırırlar. Bu gün bunun artıq mümkün olmadığı hər kəsə aydındır. Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahlın dediyini yada salaq. Kahl deyir ki, “Qoy, Ukrayna Rusiya ilə daha 5 il əlləşsin, Ukrayna Rusiya ilə vuruşsun, bu, Avropa üçün yaxşıdır ki, biz böyük müharibə üçün yenidən silahlanarkən Rusiya Federasiyasını zəiflətmək imkanımız var”. Çox xarakterik bəyanatdır və Qərb siyasətinin mahiyyətini göstərir”, - deyə rusiyalı ekspert söyləyib.

Ukrayna və Qərb ehtiyatlı davranır

Europe

Ukrayna və onun müttəfiqləri mövcud vəziyyəti diqqətlə izləyir və hərbi yardımın dayandırılması ilə bağlı tələbləri qəbul etməyə hazırlaşmır. Qərb ölkələri Rusiyanın sülh niyyətinə skeptik yanaşır və Kremlin yalnız vaxt udmağa çalışdığını düşünürlər. Bu səbəbdən, münaqişənin yaxın gələcəkdə tam həlli real görünmür. Analitiklər bildirirlər ki, danışıqlar prosesi davam etsə də, Rusiya və Ukrayna arasında fundamental fikir ayrılıqları hələ də qalır.

Eyni fikir ayrılıqları ABŞ və Avropa ölkələri arasında da qalır. Bu isə onu deməyə əsas verir ki, Trampın prezident seçildiyi ilk vaxtlarda Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda dayanacağı və münaqişənin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunacağına dair yaranmış ümidlər doğrulmur. Görünən budur ki, müharibə hələ davam edəcək.

Chosen
7
apa.az

1Sources