“Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər".
Ölkə.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün deyib. 18 martda Ağdərəyə səfər edən və Suqovuşanda yeni kompleksin istifadəyə verilməsi mərasimində iştirak edən dövlət başçısı sakinlərlə görüşdə erməni terrorçuların azərbaycanlılara qarşı törətdiyi əməllərə toxunub. Prezidentimiz həmçinin ermənilərin Bakıya gəlməklə bağlı "arzu"larından da söz açıb:
"Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm, tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər”, - Prezident vurğulayıb.