"Suqovuşanın azad edilməsinin strateji əhəmiyyəti ondan ibarət idi ki, orada böyük bir su hövzəsi var. Ölkənin bir çox ərazilərinin su təchizatı üçün əhəmiyyətli bir obyektiv, eyni zamanda təhlükəsizlik baxımından bu obyektin nəzarətə götürülməsi digər təhlükəli riskləri də aradan qaldırırdı".
Bu fikirləri Olaylar.az-a siyasi şərhçi Əli Mustafa söyləyib:
"Eyni zamanda Suqovuşan həm də Tərtər istiqaməti üçün hər zaman müəyyən təhdidlər yaradırdı. Oranın azad olunması artıq Tərtər istiqamətində təhlükəsizlik üçün əhəmiyyətli bir məsələ idi. Amma bütövlükdə götürəndə bu istiqamət ermənilərin uzun müddət çox ciddi müdafiə istehkamlarını qurması, hətta bildiyim qədər yeraltı tunellərin olması diqqəti cəlb edirdi. Yəni alınması olduqca çətin hesab edilən bir ərazi idi. Amma Azərbaycan ordusu bu ərazini müvəffəqiyyətlə aldı və əlbəttə, bu bölgədən artıq erməni silahlılarının sıxışdırılması və strateji əhəmiyyətli üstünlüklərin əldə edilməsi, təbii ki, Qarabağda bizim sonrakı uğurlarımız üçün də əhəmiyyətli oldu:".
Əli Mustafa qeyd edib ki, Qarabağda aparılan bərpa və abadlıq işləri insanların təhlükəsiz və rahat yaşayışını təmin etməklə yanaşı, bölgəni həm yerli sakinlər, həm də xarici investorlar üçün cazibədar məkana çevirir.
"İndi bu ərazilərin abadlaşdırılması, burada yeni yaşayış binalarının tikilməsi, ümumiyyətlə bərpa işlərinin aparılması bütövlükdə ölkənin mənəvi, psixoloji ab-havasını yaxşılaşdırır, eyni zamanda Qarabağa köçən insanların artıq bu bölgədə əminliklə yaşayacağına və təhlükəsiz olaraq öz həyatlarını sürdürəcəklərinə inam yaradır. Yəni görülən bütün işlər, yolların çəkilməsi həm ölkədə, həm də bölgədə Qarabağ bölgəsində yaşayan insanlar üçün bir rahatlıq, əminlik, güvən yaradır və əlbəttə, insanlarımız da ora məmnuniyyətlə gedirlər. Amma eyni zamanda həm də bölgəni də dünya üçün cazibədar edir. Buranın böyük turizm potensialı var. Yəni bu da önəmli bir məsələdir. Artıq dünyanın fərqli coğrafiyalarından müxtəlif iş adamlarının, investisiyanın bura gəlməsini bir formada təşviq edir".
Səidə Ramazanova