Ötən ilin noyabrında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində “Azerbaijan Energy Automotive Factory”a Sumqayıt Kimya Sənaye Parkında rezident statusu verilib.
İndex.az İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, parkda elektrik mühərrikli avtobuslar istehsal ediləcək.
İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihə çərçivəsində 600 nəfər işlə təmin ediləcək. Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənin bu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Avtobuslar “BYD” markası adı altında satışa çıxarılacaq və ilkin mərhələdə 12 metr uzunluğunda olan “BYD K9UD” model avtobusların istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.
Avtobuslar ilkin mərhələdə daxili təlabatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə ixrac ediləcək.