1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Daha bir sürücünün bir qrup şəxs tərəfindən döyülməsi hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 12-də saat 21:25-də Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb.
Naməlum şəxslər Həsən Əliyev küçəsində - Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib.
O, Abşeron Rayon Polis İdarəsi tərəfindən ekspertizaya gəndərilib.
Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.
Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, martın 12-də saat 21:30-da Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. Həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən günlərdə paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxs xuliqanlıq zəminində minik avtomobilinin sürücüsünü təqib edərək döymüş, hadisəni törədən şəxslər həbs olunmuşdular.
Həmin görüntüləri təqdim edirik: