Qazaxıstanın Daxili İşlər Nazirliyi yanvar hadisələri zamanı oğurlanmış silahlar da daxil olmaqla, qanunsuz dövriyyədə olan silahların aşkarlanması və müsadirə edilməsini davam etdirir. SİA Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Qazaxıstan Respublikası DİN-in Kriminal Polis Departamentinin rəisi Kanat Nurmaqambetovun sözlərinə görə, ilin əvvəlindən etibarən polis 664 ədəd müxtəlif silah, 54 qumbara və təxminən 8 min sursat müsadirə edib.
"Son üç il ərzində 8 541 ədəd müxtəlif silah, 870 qumbara və 118 246 sursat aşkar edilərək müsadirə edilib. Bundan əlavə, ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyat tədbirləri nəticəsində 2 316 ədəd silahın saxlandığı 772 gizli anbar aşkarlanıb. Hazırda yanvar hadisələri zamanı oğurlanmış 1 263 ədəd silahın mənşəyi dəqiq müəyyən edilib. Digər 7 278 ədəd silahın isə cinayətkarlar tərəfindən qəsdən məhv edildiyi və üzərindəki qeydiyyat nömrələrinin silindiyi üzə çıxıb. Buna görə də həmin silahların identifikasiyası üçün müvafiq ekspertizalar təyin edilib," - deyə o, bildirib.