EN

Kilian Mbappe: “Kapitan sarğısı “gərəksiz yük” deyil”

Madrid “Real”ının ulduz hücumçusu Kilian Mbappe Fransa milli komandasının heyətində kapitanlığı ilə bağlı sualı cavablayıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən, fransalı ulduzun müvafiq qənaətini təqdim edir:

– Məgər kapitan sarğısı gərəksiz yük deyil?
– Ola bilsin ki, bəziləri elə, belə də düşünürlər. Ancaq mən heç vaxt bu sarğını yük kimi qəbul etməmişəm. Əksinə, bu, daha çox qürurdur, əlavə məsuliyyətdir, amma yük deyil. Axı söhbət Fransa yığmasının kapitan sarğısından gedir! Onun özlüyündə nəyi təmsil etdiyinə etinasızlıq göstərməyə dəyməz. Mən onu qürurla və Fransa yığması ilə zəfər qazanmağa davam etmək istəyi ilə daşıyacağam.

Mbappe Fransa yığmasının kapitanı olaraq yol verdiyi səhvləri də etiraf etməsi ilə diqqət çəkib:

“Mən, özümdə nəyin yaxşı, nəyin pis alındığını başa düşmək üçün kifayət qədər sağlamfikirli adamam. Mən bilirəm ki, adamlar mənim meydanda və meydandan kənarda etdiklərimdən narazı olublar, mən isə onların gözləntilərini doğrultmamışam. Mən İtaliya yığmasına qarşı pis oynamışdım (UEFA Millətlər Liqasının “A” Liqasının “B” qrupunun İtaliya yığması ilə 1-ci tur ev oyunu – 1:3 – redaktorun qeydi). Mənim oyunöncəsi mətbuat toplantım isə adamlara xoş gəlməmişdi, çünki mən bir kapitan olaraq komandanı birləşdirməmişdim. Mən bunu etiraf edirəm, amma indi ən əsası – irəliyə doğru hərəkət etmək və eyni səhvlərə yol verməməkdir”, deyə Mbappe vurğulayıb.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Chosen
43
arena.az

1Sources