Bu gecə Ramazan ayının ehtimal edilən sonuncu Qədr (əhya) gecəsidir.
7Times.az xatırladır ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir:
-İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. (Bəqərə surəsi, 185-ci ayə)
-Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. (Qədr surəsi, 1-ci ayə)
Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır.
Quranın nazil olunduğu gecə “Qədr gecəsi” adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Quranın ilk ayələrinin nazil olduğu Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Qədr gecəsinin konkret hansı gecə olması dəqiq bilinmir. Peyğəmbərin(s) söylədiklərinə əsaslanan İslam alimləri Qədr gecəsinin Ramazan ayının 19, 21, 23 və 27-ci gecələrindən biri olduğunu bildirirlər. İslam alimlərinin böyük hissəsi Qədr gecəsinin Ramazanın sonuncu 10 gecənin içərisində, xüsusən də 27-ci gecənin olduğu güman edilir. Bu barədə hədislər nəql olmuşdur.
Qədr gecəsinin fəzilətlərinin olması Qədr surəsində bu cür deyilmişdir:
“(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) (Qədr surəsi, 2–5-ci ayələr)
Qədr gecəsinin əhəmiyyəti barədə həmçinin Duxan surəsində qeyd olunur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur — Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk — Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!) (Duxan surəsi, 3–6-cı ayələr)