Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün sonuncu – 18-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
Günün yeganə matçı Xaçmaz Olimpiya İdman Kompleksində çempionatın favoritlərindən sayılan “NTD-İndiqo” ilə autsayder “Şəki” arasında keçirilib. Xaçmaz təmsilçisi rəqibi üzərində 85:70 hesablı qələbəyə sevinib. Bu qələbə ilə müntəzəm çempionatı ikinci sırada tamamlayan Xaçmaz təmsilçisi pley-offun yarımfinalına yüksəlib. Qalib komandanın ən məhsuldar basketbolçusu Rəşid Abbasov olub – 15 xal, 6 ribaund. “Şəki”də isə Simeus Vebster fərqlənib – 24 xal, 14 ribaund.
Xatırladaq ki, son turun əvvəlki oyunlarında “Sabah” “Xəzri”ni 77:65, “Xırdalan” “Cəlilabad”ı 90:84, “Neftçi” “Sərhədçi”ni 73:69, “Gəncə” isə “Sumqayıt”ı 86:82 hesabıyla məğlub etmişdi.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparıb. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olub. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar pley-offa vəsiqə qazanıblar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Pley-offun 1/4 final oyunları (“Xəzri” – “Sərhədçi”, “Xırdalan” – “Neftçi”) may ayından start götürəcək.
Turnir cədvəli
- Sabah (18 oyun, 15 qələbə, 3 məğlubiyyət) – 33 xal
- NTD-İndiqo (18 oyun, 14 qələbə, 4 məğlubiyyət) – 30 xal
- Xəzri (18 oyun, 13 qələbə, 5 məğlubiyyət) – 31 xal
- Xırdalan (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
- Neftçi (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
- Sərhədçi (18 oyun, 7 qələbə, 11 məğlubiyyət) – 25 xal
- Sumqayıt (18 oyun, 6 qələbə, 12 məğlubiyyət ) – 24 xal
- Gəncə (18 oyun, 5 qələbə, 13 məğlubiyyət) – 23 xal
- Cəlilabad (18 oyun, 5 qələbə, 13 məğlubiyyət) – 23 xal
- Şəki (18 oyun, 1 qələbə, 17 məğlubiyyət) – 18 xal