EN

Bu tarixdə devalvasiya olacaq - PROQNOZ

Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8,5%-dən 8,25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
 
"Ölkə.Az" xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın belə addımlarının “multiplikativ effekt” yaratmadığını söyləyib.
 
"Mərkəzi Bank kimi çox ciddi dövlət institutunun qərarlarının iqtisadiyyata çox ciddi təsirləri olmalıdır, təəssüf ki, belə deyil. Yəni, məsələn, FES (FED), inkişaf etmiş ölkələrin Mərkəzi Bankları, Türkiyə Mərkəzi Bankı və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzərə alır, inflyasiya basqılarını azaltmağa çalışır. Bizdə isə qiymətli kağızlar bazarı yoxdur, məzənnə inzibatidir, bazar iqtisadiyyatının institutları yoxdur ya da zəifdir", - o bildirib.
 
Ekspertin fikrincə, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir: "Yəni Mərkəzi Bank bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir. Deməli, iqtisadi sistem dəyişməlidir ki, Mərkəzi Bank da dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin".
 
"Faiz qərarının təsirlərinə gəldikdə isə bu qərar kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək. Məzənnə inzibati qaydada tənzimləndiyinə, siyasi qərarla dəyişdiriləcəyinə görə manatın məzənnəsinə də təsiri olmayacaq. Mövzunun davamı olaraq onu da deyim ki, bu il devalvasiya baş verməyəcək. Lakin 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli hökumət bu addıma getməyə məcbur qalacaq", - deyə N. Cəfərli əlavə edib.
 
Onu da qeyd edək ki, öncəki illərdə müxtəlif ekspertlər tərəfindən devalvasiyanın olacağı ilə bağlı bir sıra proqnozlar özünü doğrultmamışdı.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
708
11
Sources
Comment ()
Close