AZ

"Al, sənə siyasi məhbus, ancaq siyasətdən xəbəri yoxdur"

Yanvarın əvvəlində uzun illərdi Almaniyada yaşayan Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib. O, "Terrorçuluğa açıq çağırış" və " bir qrup şəxs tərəfindən dövlət əleyhinə acıq çağrış" maddələri ilə təqsirli bilinib.

Bu ittihamları əsassız sayan anası Hicran Məmmədova oğlunun sosial mediada tənqidi fikirlər yazdığına görə həbs olunduğunu iddia edir:

"Mən bu 1 il 8 ayda gördüm ki, Azərbaycanda qanun yoxdur, işləmir. Azərbaycanda qanun, ədalət axtarmaq elə bil, gecə qaranlıqda otların arasında iynə axtarmaqdır".

Həmzə Məmmədlinin həm də Almaniya vətəndaşlığı var.

O, ölkəni tərk etdikdən 8 il sonra, 2023-cü ilin yayında öz toyuna qayıdarkən Bakı hava limanında saxlanılıb.

33 yaşlı Həmzə Məmmədli Facebook sosial şəbəkəsində fake səhifələr yaradaraq, dövlət çevrilişinə cəhd etməkdə günahlandırılıb.

"2024-cü ilin aprelindən 2025-ci ilin yanvarın 7-dək davam edən təhqiqat prosesində fake səhifədən sübut üçün bir kəlmə söhbət getməyib, şahid olmayıb. Məhkəmə yalnız bundan gedib ki, sən İnstagram-da Orduxan Teymirxan adlı istifadəçi Hadi Rəcəbli haqda yazıb ki, uşaqpulu yeməkdən qarnını şişirdib oturub.

Mənim oğlum da ora komment yazıb ki, oturublar Milli Məclisdə yalandan ağızlarına gələni püləyirlər. Bir də 2016-cı ildə Hamamtimes belə bir başlıq paylaşıb ki, AZƏRYOLSERVİS ağacları qırır, yaşıllıqları məhv edir, bu da yazır ki, bunlar ermənidən betərdilər, belə insanları yığıb, təpəsinə güllə vurasan. Silah anbarı var? Bu, dövlət çevrilişinə çağırış deməkdir?" - ana sual edir.

Azərbaycan qanunlarına görə, zorakılığa çağırışlar cinayət əməli hesab olunur və ıinqvistik ekspertiza da bu ifadələrin dövlət hakimiyyəti əleyhinə, terrorçuluğa çağıran ifadələr olmasına rəy verib.

Azərbaycan Cinayət Məcəlləsində dövlət əleyhinə və terrorçuluğa çağırışla bağlı maddələr var və həmin maddələrə görə, beş ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

Ancaq Həmzə Məmmədlinin vəkili Aytən Əliyeva deyirki, "istintaqın sübutları vəkilləri "qane etmir".

"Biz hesab edirik ki, yetərli faktlar yoxdur, bu statusların Həmzə tərəfindən yazılması sübuta yetirilmir. Hətta şəxs belə ifadələr işlətsə belə, hadisələri gördükdən sonra şəxs emosional olub, subyektiv fikrini bildirə bilər", vəkil deyir.

Həmzə Məmmədli 2015-ci ildə Almaniyaya gedib. O, Almaniyada tibb kollecini bitirib və xəstəxanada işə başlayıb.

"Mənim övladım günahsızdır... Deyirlər, Azərbaycanda siyasi məhbus yoxdur. Al sənə siyasi məhbus, salıblar içəri, ancaq siyasətdən xəbəri yoxdur", Hicran Məmmədli deyir.

Videoya Youtube kanalımızda baxın

Seçilən
275
bbc.com

1Mənbələr