Tanınmış iqdisatçı, hazırda ev dustaqlığında olan Qubad İbadoğlu hesab edir ki, əgər Bakı-Vaşinqton münasibətləri yaxşılaşsa, bu, onun azadlığa buraxılmasına səbəb ola bilər.
Qubad İbadoğlu bunu ABŞ-ın Xarici Əlaqələr Komitəsinə təqdim edilən və onun azadlığa buraxılması tələbini özündə ehtiva edən qətnaməni BBC-yə şərh edərkən deyib.
"Yəqin ki, bu qətnamə Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq və yaxın zamanlarda hər hansı bir dəyişiklik baş verməzsə, qəbul edilə bilər. Amma təbii ki, onun təsirləri Azərbaycan-Amerika münasibətlərindən asılıdır. Yəni, mənim hazırkı vəziyyətim siyasi qərarlarla dəyişə bilər. Yəni, bu baxımdan da mən ümid edirəm ki, bundan sonra Azərbaycanla ABŞ arasındakı münasibətlərin yaxşılığa doğru dəyişməsi bu istiqamətdə çağırışlara da əməl olunmasına və onların diqqətə alınmasına gətirib çıxara bilər", - cənab İbadoğlu bildirib.
Sənədi ABŞ Konqresinin 22 üzvü imzalayıb.
Onlar hesab edirlər ki, Qubad İbadoğlu heç bir sübut olmadan çoxsaylı cinayətdə əssasız yerə ittiham edilir.
Sənəddə vurğulanır ki, Bakını tərk etmək qadağası olan professorun səhhəti pisləşməkdə davam edir.
Azərbaycan rəsmiləri bu qətnamə təqdimatı ilə bağlı hələlik münasibət bildirməyib.
Professor İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, təxminən 9 ay sonra ev dustaqlığına buraxılıb. O, Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma, eləcə də dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə təqsirləndirilir.
Qubad İbadoğlu ona verilən ittiamları rədd edir, həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir.
Daha əvvəl bəzi beynəlxalq insan haqları müdafiə təşkilatları onu "siyasi məhbus" elan edib.
Azərbaycan hakimiyyəti ölkədə siyasi və ictimai fikir ayrılığına görə təqibi rədd edir, siyasi məhbus olmadığını deyir və həbs olunan ictimai-siyasi fəalların, o cümlədən media nümayəndələrinin konkret cinayət əməlinə görə saxlandığını bildirir.
Videoya YouTube kanalımızda baxın.