Ucar rayonunda 1993-cü il təvəllüdlü Aqil sevgi münasibətində olduğu Mayanın (adlar şərti verilib – red.) haqqında pornoqrafik məlumatlar yaymaqda ittiham olunub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki,Aqil 2006-cı il təvəllüdlü Mayanın mobil nömrəsinə 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə onun özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlədib.
Onunla nikaha girməyəcəyi təqdirdə mobil telefonunda olan fotoşəkilləri yayacağı, kənd sakinləri arasında rüsvay edəcəyi, ailəsinə zərər vuracağı məzmununda mesajlar yazıb, psixi zor tətbiq etməklə və hədələməklə onu nikaha məcbur edib.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 176-1.2-ci (qadını nikaha daxil olmağa məcbur etmə - eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
“Nömrə istədim, vermədi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ucar rayonunun kəndində yaşayır:
“Zərərçəkmiş Mayanı 2021-ci il oktyabrın 31-də kənddə nişan mərasimində görərək bəyəndim. Onunla maraqlanmaq və ailə qurmaq qərarına gəldim. Məlum oldu ki, Əsədin qızıdır, Əsəd isə mənim atamın bibisi oğludur.
Mayanı görüb bəyəndiyim vaxt o, 9-cu sinifdə oxuyurdub. Onu görmək üçün məktəbin qarşısına getdim. Lakin cəsarət edib yaxınlaşa bilmədim. Bu səbəbdən Mayanın “Tik-tok” hesabını tapdım və oraya yazdım. Ona özümü tanıtdım və xoşum gəldiyini dedim.
Maya da mənə qarşı hisslərinin olduğunu dedi, amma məni yaxından tanımaq istədiyini bildirdi. Bir müddət danışdıqdan sonra ondan mobil telefon nömrəsini istədim. Nömrəni vermədi. Özüm-özümə səbrli olmağı məsləhət bildim”.
“Anası haqqımda söz-söhbət yaydı”
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Maya mobil telefon nömrəsini ona verib və telefonlaəlaqə saxlamağa başlayıblar: “Münasibətlərimiz daha da yaxınlaşdı və Maya mənə elçi göndərməyi təklif elədi.
Mayanın atası elçilərimizə qızının hələ təhsil aldığını, yaşı çatdıqda evlənməyimizə etiraz etməyəcəyini bildirdi, anası isə etiraz etdi. Bundan sonra Maya ilə gizlin danışmağa başladıq. Həmin vaxdan Mayaya müxtəlif mobil telefon nömrələrindən yazdım.
Mayanın anasının kənddə mənim xəstəliyimin və ağıl çatışmazlığımın olması haqda söz-söhbət yaydığını eşitdim. Bundan əsəbləşərək Mayaya yazdım, aramızda mübahisə yarandı. Onu və ailə üzvlərini təhqir etdim. Mayaya qaçıracağımı bildirdim. O isə yalnız ata-anasının razılığı olacağı halda mənimlə evlənəcəyini dedi”.
“Məktəbin həyətində görüşüb şəkil çəkdirdik”
Aqil bildirib ki, daha sonra Mayanı qısqandığı üçün və aralarında olan mübahisələrlə bağlı ona təhqiramiz mesajlar göndərib: “Mən evlənməyimizi istədim, əks halda birlikdə olan şəkillərimizi kənd arasında adamlara göstərərək sevgili olduğumuzu deyəcəyimi, rüsvay olduğu üçün heç kimin onunla evlənməyəcəyini, atasının onu evdən qovacağını bildirdim”.
Aqilin sözlərinə görə, 2022-ci ilin iyunun 12-də Maya ilə razılaşıb və kənd məktəbinin həyətində görüşüblər: “Bir daha Mayaya onu çox sevdiyimi, ailə qurmaq istədiyimi çatdırdım. O da qarşılığında məni çox sevdiyini bildirdi. Xatirə qalsın deyə iki pozada şəkil çəkdirdik. Sonra yenə Mayaya təhqiredici mesajlar yazdım və mübahisə etdim”.
“Məqsədim evlənmək olub”
Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ilin oktyabrın 12-də Mayanın atasına zəng edib və ona arvadından şikayət edib: “Arvadının haqqımda danışdıqlarına son verməsini istədim, xəbərdarlıq etdim. Bu məsələdən sonra Mayanın atası məndən polisə şikayət etdi.
Anasının təqdim etdiyi foto və yazışmalara baxış zamanı məlum oldu ki, Mayaya “Anana de ki, dirəşməsin, sizi kəndlə bir edərəm, şəkilləri kənddə anana göstərib sənin qızın budur deməsinlər, hələ ki ona dəymirəm”, “Hər şeyi anana de, kənddə biabır olacaqsan, ondan sonra səni heç almayacam”, “Onsuz da sənin haqqında hər şey mənə çatır və çatacaq, ailənə de ki dirəşməsin”, “Qan su yerinə axacaq, hər şey açılıb töküləcək, çıx gəl qapıma, səni gözləyirəm, ailəndən imtina et”, “Çölə çıxma, başqa yerə getsən yolda vuraram səni, əzərəm, pis günə qoyaram” və sair bu kimi məzmunlu mesajlar yazmışam.
Çünki Mayanın mənimlə evlənməsini istəyidim. Bu məqsədlə ona təzyiq göstərmişəm. Birlikdə qaçmaq barədə dəfələrlə desəm də, onu qaçırmağa heç bir cəhd etməmişəm. Maya ilə aramızda heç bir cinsi əlaqə olmayıb. Yalnız mobil telefon vasitəsi ilə yazışmışıq.
Törətdiyim əməldən peşmanam. Bir də bu cür hərəkətə yol verməyəcəm”.