Fox News telekanalına müsahibəsində Kelloq ABŞ Prezidenti Donald Trampın bu məsələdəki mövqeyindən müsbət danışıb:
"Mən onun (Trampın) bu münaqişə ilə bağlı atacağı addımlara çox müsbət baxıram. Ona tam inanır və güvənirəm ki, bu müharibə yaxın zamanda başa çatacaq."
Kelloq, eyni zamanda, ABŞ-nin keçmiş prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara maraq göstərmədiyini tənqid edib.
"Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiyada nə baş verdi? O heç kimlə danışmadı. Dörd il ərzində (Şimali Koreya lideri) Kim Çen Inla, iki il yarım ərzində isə (Rusiya Prezidenti) Vladimir Putinlə heç bir təmas qurmadı. Prezident Tramp isə dərhal əlaqə yaradır. O, danışıqlar aparmadan razılaşmalar əldə etməyin mümkün olmadığını bilir," - deyə Kelloq vurğulayıb.
Fevralın 12-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub. Kremlin məlumatına görə, Tramp münaqişənin tezliklə dayandırılmasının və sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Putin isə münaqişənin kök səbəblərinin həll edilməsinin vacibliyini vurğulayıb və uzunmüddətli sülhün yalnız danışıqlar yolu ilə mümkün olduğunu qeyd edib.