Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması və əsaslı təmirə ehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi bildiyimiz kimi Bilgəh qəsəbəsinə köçürülmüşdü. Burada müalicə alan xəstələr isə yol problemi baxımından yaranmış vəziyyətlə bağlı şikayət edirdilər. Xəstələri maraqlandıran suallardan biridə aparılan təmir-bərpa işlərinin nə vaxt yekunlaşacağıdır.
Məsələ bağlı Respublika Klinik Xəstəxasının ictimaiyyətlə əlaqələr üzrə bölmə müdiri Nicat Məmmədov Operativ Media-nın sorğusuna cavab verib.
“Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması və əsaslı təmirə ehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi, 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülüb.
Cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.
Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq, yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub. Eyni zamanda qeyd edək ki, Modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir. Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir.
Əlavə edək ki, aparılan təmir-bərpa işlərinin bir ildən artıq müddətə davam edəcəyi nəzərdə tutulur”- deyə, o qeyd edib.