AZ

Tramp Ukraynaya hərbi yardımı dayandırıb

ABŞ Prezidenti Donald Trampın Prezident Volodimir Zelenski ilə Oval kabinetdə mübahisəsindən sonra ABŞ-nin Ukraynaya hərbi yardımını müvəqqəti olaraq dayandırdığı bildirilir.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ mətbuatına açıqlama verən və adları açıqlanmayan Ağ Ev rəsmiləri Trampın Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı daha əvvəl yayılan xəbərləri təsdiqləyiblər.

Sözügedən rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımların bir müddətlik dayandırılmasına qərar verildiyini vurğulayıblar.

Ağ Ev rəsmisi “CNN”-ə deyib: 

"Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qaldığını görmək istəyirik. Biz yardımımızı onun həllə töhfə verəcəyinə əmin olmaq üçün dayandırırıq". 

Digər bir rəsmi isə dayandırmanın Ukraynaya hələ çatmamış bütün hərbi texnikaya şamil ediləcəyini bildirib.

Bəzi rəsmilər bu qərarın bazar ertəsi axşam verildiyini və Ukraynaya təzyiq strategiyasının bir hissəsi olduğunu bildiriblər.

ABŞ dövlət katibi Marko Rubio “CNN”-ə müsahibəsində Zelenskinin cümə günü baş verən mübahisəyə görə üzr istəməli olduğunu açıq şəkildə söyləyənlərdən biri olub.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp və Ukrayna Prezidenti Zelenski ötən cümə günü Oval kabinetdə görüş zamanı kameralar qarşısında mübahisə edib və sonradan keçiriləcəyi açıqlanan birgə mətbuat konfransı ləğv edilib. 

Zelenski daha sonra Ağ Evi tək tərk edib. 

Tramp Zelenskinin “Amerika xalqına hörmətsizlik etdiyini”, Zelenski isə üzr istəmək üçün heç bir səhv etmədiyini deyib.

Seçilən
16
50
cebheinfo.az

10Mənbələr