AZ

Araikin ifadəsi, sadəcə, etiraf deyil, birbaşa Ermənistanın ifşasıdır - RƏY

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən separatçıların, terrorçuların, müharibə canilərinin məhkəməsi davam etdirilir. Martın 3-də davam etdirilən məhkəmə iclasında Lyova Mnaksakanyan, Araik Arutyunyan, Erik Qazaryan və Vasili Beqlaryan sərbəst ifadə veriblər. Digər cinayətkarlarla müqayisədə Araik Arutyunyanın ifadəsi, çıxışı daha çox diqqət çəkib. “2020-ci ilin sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli idik və onu da etdik. “Parlament”də məlumat verildi ki, müharibə başlayıb. “Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan olunmuş “hərbi qulluğa çağırış“ başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq”.

Bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Araik Arutyunyan Bakı Hərbi Məhkəməsində keçirilən dünənki prosesdə sərbəst ifadəsində deyib. Müharibənin ilk günlərdən Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətini xatırladan Arutyunyan Paşinyandan müharibənin dayandırılması ilə bağlı təlimat gözlədiyini bildirib: “Mütəmadi olaraq, demək olar, hər gün mən “parlament deputatları” ilə görüşürdüm. Demək olar hər gün Bako Saakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa, dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.

Araikin ifadəsinə rəy bildirən siyasi şərhçi Bəybala Mirzəyev “Sherg.az”a açıqlamasında deyib ki, Araikin ifadəsi sadəcə etiraf deyil, birbaşa Ermənistanın ifşasıdır: 

“Onun etirafları Nikol Paşinyanı rəzil edir. Bu etiraflardan da bir daha aydın olur ki, Paşinyan Ruben Vardanyanın, Araik Arutyunyanın, Bako Saakyanın Bakıda məhkəmə önünə çıxarılmalarından nəyə görə bu qədər dərin narahatlıq hissi keçirir. Çünki onların ifadələri Paşinyanın "demokratik" cəllad simasını üzə çıxarmağa başlayır. A.Arutyunyan ifadəsində 2020-ci ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək, təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistan tərəfindən verildiyini etiraf edib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini bildirib: “Oktyabrın 18-i axşamçağı bizim Bako Saakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də lazım olsa, buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə, müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni saxlayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamı ilə görüşdü. Oktyabrın 19-u gününün sonunda o, mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”. Arutyunyan ifadəsində “Qarabağ Müdafiə Ordusu”nun “komandanı”nın  Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe olduğunu, özünün “Hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətinin  olmadığını bəyan edib”. 

Araikin ifadəsində “açıb sandığı, töküb pambığı” prinsipinə sadiq qaldığını vurğulayan B.Mirzəyev hesab edir ki, bu etiraflar Ermənistanın müharibədəki birbaşa iştirakını və Qarabağdakı bütün keçmiş erməni hərbi qüvvələrinin Ermənistana tabe olduğunu təsdiqləyir: 

“Onlara isə döyüş əmrini Paşinyan verib. Müharibənin axıra qədər davam etdirilməsinin tərəfdarı da məhz Paşinyan olub. Odur ki, indi gözləyək görək Araikin ifşaedici etirafları İrəvanda hansı reaksiyanı doğuracaq və Paşinyan "sudan quru çıxmaq" üçün bu dəfə nəyə əl atacaq? Kim bilir, bəlkə də, o da "susmaq haqqı"ndan istifadə edəcək. Bu isə günahların etirafı kimi də başa düşülə bilər”.

Seçilən
20
1
sherg.az

2Mənbələr