"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haqın "Leypsiq"də eyni vəzifəyə təyinatı baş tutmaya bilər.
Publika.az xəbər verir ki, niderlandlı mütəxəssis "buğalar"a rəhbərlik edən Marko Rozu əvəzləmək üçün əsas namizədlərdən biri idi. Lakin klubun beynəlxalq futbol bölməsinin rəhbəri Yurgen Klopp onun namizədliyini rədd edib. Bu barədə "Sky Sports" məlumat yayıb.
Klopp Premyer Liqadakı keçmiş rəqibinin əvəzinə "Leypsiq"ə 3 namizəd təklif edib. Bunlar Sebastyan Höness ("Ştutqart"), Oliver Qlasner ("Kristal Pelas") və Rocer Şmidtdir ("Benfika"nın keçmiş baş məşqçisi).
Qeyd edək ki, "Leypsiq" Almaniya çempionatının turnir cədvəlində 6-cı yerdə qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.