AZ

Biz sona qədər mübarizə aparmağa hazırıq - Çin

BAKI, TurkicWorld

Çin ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan mallara tətbiq edilən gömrük tariflərini 10%-dən 20%-ə qaldırmasına sərt reaksiya verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyi bəyan edib ki, ticarət müharibəsi və ya tarif müharibəsi olsa, Pekin sona qədər mübarizə aparmağa hazırdır.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Vaşinqtonun bu addımına cavab olaraq,

“Əgər ABŞ fentanil problemini həll etmək istəyirsə, Çinlə bərabərhüquqlu məsləhətləşmələr aparmalıdır. Əgər ABŞ-ın istədiyi müharibədirsə – istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də başqa bir müharibə növü – biz sona qədər mübarizəyə hazırıq”. - deyə bildirib.

Xatırladaq ki, Fevralın 1-də Tramp Çindən idxal olunan mallara 10%-lik tarif tətbiq edən fərmanı imzalayıb və rüsumlar fevralın 4-də qüvvəyə minib. ABŞ lideri martın 4-dən etibarən əlavə 10%-lik tarif tətbiq olunacağını da öncədən açıqlamışdı.

Son olaraq, dünən Tramp ölkəyə gələn fentanillə mübarizədəki uğursuzluqları əsas gətirərək tarifləri 10%-dən 20%-ə qaldırdığını bəyan edib.

Çin hökuməti tarif artımına müvafiq tədbirlərlə cavab verəcəyini bildirib və ticarət danışıqlarında bərabərhüquqlu yanaşma tələb edir.

Seçilən
45
turkic.world

1Mənbələr