AZ

İran gözləmə mövqeyində dayanır- İlyas Hüseynov- ÖZƏL

İranda vəziyyət gərginləşir. Bu ölkədə inqilab olacağı haqda fikirlər səsləndirilməkdədir. İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib. Qeyd edilir ki, Zərif iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra bu qərarı verib.

İsrail mediasının yaydığı məlumata görə, İran Prezidenti Məsud Pezeşkian istefa ərizəsini ölkənin Ali rəhbəri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə "zəif" edəcək. Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Politoloq İranın gözləmə mövqeyində dayanaraq növbəti siyasi gedişatları izləyəcəyini qeyd edib:

"Son zamanlar İranda çox ciddi proseslər getməkdədir. İstefalar və istefa ərizələrinin təqdimatı haqqında fikirlər bölüşülür. Hesab edirəm ki, bunun arxasında bir sıra məqamlar dayanır. Xüsusilə islahatçı blokun təmsilçisi olan doktor Məsud Pezeşkianın ABŞ ilə münasibətləri normallaşdırmaq, İranın nüvə proqramı ilə bağlı aydınlıq gətirilməsi siyasətinin təklifi İranda mühafizəkar qrup, dini şəxslər, hərbi blok tərəfindən çox yaxşı qarşılanmayıb. Sanki Rusiya Ukrayna müharibəsinin gedişini və onun nəticələrini İranda gözləməyi daha üstün hesab edirlər. Hazırkı dövrdə İran ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına dair addımlar prioritet hesab olunmur və bunun ardınca artıq Məhəmməd Cavad Zərifin istefası baş verdi. Qeyd etmək lazımdır ki, İranda əsas siyasi söz sahibi, ümumiyyətlə dövlət daxilində əsas güc sahibi ali dini lideridir və prezident Məsud Pezeşkian da, onun siyasi düşüncələrinin, təlimatlarının, əmrlərinin göstərişlərinin icrası yönündə addımlar atacaqdır.  Nəzərə almaq lazımdır ki, Pezeşkian fəaliyyəti nisbətən yeni dövrə təsadüf edir və bu baxımdan onun əlbəttə ki, fəaliyyətinə son qoymaq tamamilə qəbul olunan deyil və bu baxımdan İran daha çox gözləmə mövqeyində dayanaraq növbəti siyasi gedişatları izləyəcəkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
60
olaylar.az

1Mənbələr