Bakı şəhəri 254 nömrəli tam orta məktəbin idman müəlliminin şagirdlərə qarşı fiziki təzyiqi ilə bağlı araşdırma aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma nəticəsində məktəbin fiziki tərbiyə müəlliminə təhsilverənlərin etik davranış qaydalarına əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
***12:28
Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.
Bu barədə məlumat və görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb uşaqlarını təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanladıq.
Qurumun Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi haqqında əlavə məlumat veriləcək.
Banu Hüseynli