AZ

Sərdar Ünsal: Qardaşlığın enerjisi Naxçıvandan yüksəlir

Naxçıvan, 5 mart, Nail Əsgərov, AZƏRTAC

İğdır-Naxçıvan qaz kəmərinin açılışı Türkiyə və Azərbaycanın enerji sahəsində əməkdaşlığını daha da gücləndirəcək və Naxçıvanın təbii qaz asılılığını tamamilə aradan qaldıracaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal deyib.

İğdır-Naxçıvan qaz kəmərinin türk dünyasına xeyirli olmasını diləyən Sərdar Ünsal qeyd edib: “Tarix boyu strateji əhəmiyyət daşıyan Naxçıvan Azərbaycanla əlaqələrimizdə xüsusi yer tutur. Bu gün Naxçıvan iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regionda nəqliyyat dəhlizlərinin qurulması ilə bu potensial tam şəkildə reallaşacaq. İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı daha da dərinləşdirəcək və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, sosial mənzil tikintisi və elektrik enerjisi sahəsində əldə edilən razılaşmalar da sevindiricidir”.

Türkiyəli jurnalist vurğulayıb ki, qaz kəməri qələbənin gətirdiyi sabitlik layihəsidir. Bu layihə Naxçıvan iqtisadiyyatını canlandıracaq, bölgədə çoxsaylı investisiyaların və təşəbbüslərin qarşısını açacaq. Türkiyə-Azərbaycan qardaşlığı bu layihə ilə daha da möhkəmlənərək strateji tərəfdaşlığa çevriləcək. Naxçıvanlı qardaşlarımız evlərində, məktəblərində və xəstəxanalarında fasiləsiz təbii qazla təmin olunacaq.

"Tarixi köklərə söykənən "Bir millət, iki dövlət!" şüarı bir daha təsdiq olundu. Bu layihə ilə Naxçıvanın enerji təhlükəsizliyi tam təmin edildi. Qaz kəməri həm Naxçıvanın, həm də İğdırın inkişafına təkan verəcək. Təbii qazın gətirilməsi ilə daha çox iş adamı Naxçıvana səfər edərək burada sərmayə qoyacaq. Bu gediş-gəlişlər İğdır üzərindən olduğu üçün, İğdırın iqtisadiyyatı da bundan faydalanacaq”, – deyə Sərdar Ünsal əlavə edib.

Seçilən
75
azertag.az

1Mənbələr