Azərbaycan-Türkiyə! Bir millət-iki dövlət!
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Prezident İlham Əliyevin çıxış edərək bildirib ki, bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik.
Dövlət başçısının çıxışından aydın görünür ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da olacaqdır.
Ulu öndərimiz, dahi tarixi şəxsiyyətimiz olan Heydər Əliyevin hələ Naxçıvan MR-na rəhbərliyi dövründən bizə qonşu və qardaş ölkə olan Türkiyə Respublikası ilə təməlini qoyub yaratdığı siyasi, iqtisadi və hərbi münasibətlər hər zaman hər iki dövlətə xeyir vermiş, münasibətləri inkişaf etdirib bugünkü səviyyəyə, yəni “Bir millət-İki dövlət” səviyyəsinə gətirib çıxartmışdır.
Müasir günümüzdə dünyanın yenidən yaranması, qurulması və geosiyasi aləmdə qloballaşma, tərəflərə bölünmə baş verir. Biz bir türk dövləti olaraq türkün də adının gələcək tarix səhifəsində böyük hərflərlə və başdan yazılmasında maraqlı olmalıyıq. Bu yol isə yalnız türkün türkə sahib çıxmasından, dostluğundan, birgə əməkdaşlığından keçir. Belə siyasət, hər sahədə əməkdaşlıq türk dövlətlərinin gələcəkdə mövcud olmalarının ən böyük sığortası və qarantıdır.
44 gün müddətində qardaş Türkiyə hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Zəfər paradında iki qardaş rəhbərin tarixi çıxışı qələbəmizin möhtəşəmliyini bir daha dünyaya bəyan etdi.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini