Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 540 kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.
Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
12.56
Sumqayıtda narkotik asılılığı olan şəxslərin Reabilitasiya Mərkəzində yanğın olub.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası cəlb olunub.
Yanğın məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, Sumqayıtda 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir.