Donald Trampın ətrafının dörd yüksək vəzifəli üzvü Vladimir Zelenskinin siyasi rəqibləri ilə gizli danışıqlar aparıb. Söhbət Yuliya Timoşenkodan və Pyotr Poroşenkonun partiyasının nümayəndələrindən gedir. Bu barədə “Politico”ya ukraynalı parlamentarilər və amerikalı respublikaçı ekspert məlumat verib. Müzakirələr Ukraynanın tez bir zamanda prezident seçkilərini keçirib-keçirməyəcəyi sualı ətrafında olub.
Tramp rəsmiləri əmindirlər ki, Zelenski “müharibə yorğunluğu və geniş yayılmış korrupsiya ilə bağlı ictimai məyusluq səbəbindən istənilən seçkini uduzacaq”.
Bununla belə, ABŞ administrasiyası Ukrayna siyasətinə müdaxiləni rəsmən rədd edir.
“Poroşenko və Yuliyanın adamları Trampın nümayəndələri ilə danışır, özlərini onlarla işləmək daha asan olacaq şəxslər kimi göstərirlər, onlar Zelenskinin razılaşmadığı çox şeylə razılaşırlar”, - deyə anonim respublikaçı ekspert nəşrə bildirib.
Trampın bu həftə Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ukraynalı siyasətçilərin Tramp rəsmiləri ilə əlaqələrini daha da gücləndirib.
Poroşenkonun partiyasının mətbuat xidməti bəyan edib ki, onlar prezident seçkilərinə nail olmağa deyil, “ölkədə müharibədən sonrakı azad və ədalətli rəqabətli seçkiləri təmin etməyə” çalışırlar.
Yuliya Timoşenkonun mətbuat katibi Natalya Lısova Tramp administrasiyası ilə danışıqlara dair sualı cavablandırarkən göstərdiyi marağa görə “Politico”-ya təşəkkür edib. "Hələlik bunu şərh etməyəcəyik,"-o deyib.
“Politico” həmçinin Zelenskinin əleyhdarları ilə danışıqlarda iştirak etdiyi deyilən dörd Tramp köməkçisi ilə əlaqə saxlayıb, lakin onlar cavab verməyiblər.
Almaz Həsənli