Qədim köklərə malik olan Azərbaycan-Türkiyə əməkdaşlığı bu gün də yüksələn xətt üzrə inkişaf edir. Qətiyyətlə demək olar ki, iki dövlət arasında əməkdaşlıq səviyyəsi strateji müttəfiqlik həddinə çatb. Etiraf edilməlidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Türkiyə ilə əməkdaşlığa böyük önəm verir. Bu həm Türkiyə-Azərbaycan, həm də Türkiyənin timsalında türk dövlətləri ilə münasibətlərə töhfə vermiş olur. Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə çatmasını təsadüfi hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, hər iki dövlət oxşar tarixə, oxşar köklərə malikdir. Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir. Elə bu səbəbdən də "Bir millət, iki dövlət" prinsipi hər iki dövlətin ruhunu oxşayır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı münasibətlərin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər daha da yaxınlaşmağa başlayıb. Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkə olub. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahədə dərin əməkdaşlıq qurulub. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib, həmçinin iqtisadi inkişaf sahəsində bir çox layihələrdə iştirak edib. Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini, xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirib. İndinin özündə də iki dövlət arasında əməkdaşlıq sahələri kifayət qədər genişdir. Mövcud əməkdaşlıq ticarət, enerji, nəqliyyat, humanitar, hərbi, təhlükəsizlik və digər sahələri əhatə edir. Konkret olaraq Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli hesab olunur.
Təkcə iqtisadi deyil, hərbi-siyasi sahədə də Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir. Sirr deyil ki, Türkiyə Azərbaycanın müdafiə qabiliyyətinin artırılması məqsədilə mütəmadi olaraq hərbi təlimlər təşkil edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstəyi sözün əsil mənasında dost və qardaş ölkənin mövqeyini təcəssüm edirdi. Paralel olaraq hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və regional təhlükəsizlik məsələlərində ortaq maraqlarla çıxış edirlər. Ümumilikdə Türkiyənin Azərbaycanda həyata keçirdiyi ortaq maraqlara xidmət edən layihələri dövlət və xalqların daha da yaxınlaşması baxımından əhəmiyyət kəsb edir.
Məlumdur ki, hazırda dünya dövlətləri qlobal iqtisadi çətinliklə üzləşiblər. İri dövlətlərin siyasi hikkəsi, iqtisadi sanksiyalar ayrı-ayrı dövlətlərin iqtisadiyyatını iflasa uğradıb. Belə ki, artıq bir sıra dövlətlər dayanıqlı iqtisadiyyatın təmin olunmasında böhran yaşayırlar. Mübağiləsiz demək olar ki, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı hər iki ölkəni belə fəlakətə düçar olmaq təhlükəsindən xilas edir. Belə ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır. Davamlı şəkildə güclənən qardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran çoxsaylı problemlərin uğurla həllinə imkan yaradır. Bu işbirliyinin mühüm nəticələrindən biri də illərdir Ermənistanın yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri məhz bu məqsədə xidmət edir. Türk coğrafiyası üçün mühüm əhəmiyyət daşıyan Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bu kəmər xüsusi önəm kəsb edir. Bu gün dost və qardaş ölkələrin prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcəklər. Bu kəmər muxtar respublikanın təbii qaz təminatını tam qarşılayacaq və bir mənbədən asılılığını aradan qaldırmaq baxımından mühüm rol oynayacaq.
Məlum olduğu kimi, 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ölkənin cənub-şərqində böyük fəlakətlərə yol açdı. Əsrin faciəsi adlandırılan bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Azərbaycan zəlzələdən zərər çəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına qatıldı. Yalnız təcili yardımlarla kifayətlənməyən dövlətimiz bölgənin uzunmüddətli bərpasına da mühüm töhfələr verdi. Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən "Azərbaycan" məhəlləsi oldu. Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib və bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanıb. Məhəllədə Kahramanmaraşda zəlzələ səbəbindən evsiz qalan ailələr üçün 1000-dən çox mənzil inşa olunub. Layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəbə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı verilib.
Yaşayış massivinə "Azərbaycan" məhəlləsi adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunu simvolizə edən abidə ucaldılıb. Azərbaycan təkcə Kahramanmaraşda deyil, Hatay və Adıyaman kimi zəlzələdən zərər çəkən digər bölgələrdə də tikinti işlərində Türkiyəyə dəstəyini davam etdirir. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan və Türkiyə əməkdaşlığı dünya dövlətləri üçün bir örnəkdir. Bu əməkdaşlıq dostluq və qardaşlığın bariz nümunəsidir.
Alim