Avropa ölkələri Ukraynada mümkün atəşkəsin əldə olunacağı təqdirdə sülhü qorumaq məqsədilə bu ölkəyə hərbi qüvvə göndərmə variantını müzakirə edir.
Hokm.az-ın məlumatına görə, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə bu mövzuda prinsipial olaraq qapıları tam bağlamır.
Yerli mətbuata danışan hərbi mənbələr Türkiyənin düzgün şərtlər formalaşarsa, belə bir qüvvəyə qoşulmağı dəyərləndirə biləcəyini bildirir. Bununla belə, hazırda rəsmi olaraq qəbul edilmiş bir qərar yoxdur. Mənbələrə görə, Türkiyənin mövqeyi atəşkəsin əldə olunması, missiyanın detalları və lazımi şəraitin formalaşması ilə dəqiqləşəcək.
Türkiyənin Ukrayna və Rusiya ilə qurduğu balanslı münasibətlərin bu qərarda mühüm rol oynayacağı gözlənilir. Eyni zamanda, sülhməramlı qüvvələrin tərkibi və missiyasının detalları da Ankara üçün əsas amillərdən biri olacaq.
Avropa İttifaqı (Aİ) Ukraynada barışın bərqərar olması üçün müxtəlif prinsiplər irəli sürüb. Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi açıqlamada Avropa ölkələrinin yaxın həftələrdə Ukraynaya hərbi qüvvə göndərməyəcəyini vurğulayıb. Onun fikrincə, öncə diplomatik danışıqların aparılması və atəşkəsin əldə olunması vacibdir.