Pakistanın "hüquq müdafiəçisi" Səidə Qulam Fatimə terrorizmi və separatizmi dəstəkləməkdə ittiham olunaraq Bakıda məhkəməsi keçirilən Ruben Vardanyana dəstək prosesinə qoşulub.
Bu barədə Pakistanın Diplomatic News Agency (DNA) nəşrinin bir çox aparıcı KİV-də dərc edilmiş məqaləsində bildirilib.
KİV yazır ki, Qulam Fatimə "Vardanyanın məhkəmə prosesində iştirak etmək üçün" Bakıya gedəcəyi barədə səs-küylü bəyanat verib. Lakin vəkilin oliqarxla əlaqəsi onun "humanist prinsiplərini" şübhə altına alır.
Fəalın humanitar fəaliyyəti nədənsə erməni terrorizminin çoxsaylı qurbanlarına deyil, postsovet məkanında və onun hüdudlarından kənarda çirkli pulların yuyulması, terrorizmin və separatizmin maliyyələşdirilməsində əli olan milyarderə yönəlib.
Diqqətlə nəzər saldıqda "hüquq müdafiəçisinin" motivasiyası daha da aydın olur: o, hələ 2016-cı ildə oliqarx Vardanyandan "Avrora" mükafatı adı altında 100 min dollar alıb.
Yəni onun iştirakı sadəcə hüquqi və ya humanitar maraq deyil, tarixən Azərbaycana qarşı terroru, çirkli pulların yuyulmasını və insan hüquqlarının pozulmasını dəstəkləyən daha geniş şəbəkənin bir hissəsidir.
Onilliklər boyu ermənilər azərbaycanlılara qarşı kampaniyalar aparıb ki, bu da minlərlə etnik azərbaycanlının Qərbi Azərbaycandan (indiki Ermənistan) zorla köçürülməsinə səbəb olub. Ermənistan hökuməti sistematik olaraq onların hüquqlarını pozub, qanuni şəkildə qayıtmasına mane olub və mədəni irs obyektlərini dağıdıb. Lakin Səidə Qulam Fatimə kimi "hüquq müdafiəçiləri" bu vəhşiliklər barədə susub.
Müasir tarixin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı 1992-ci il fevralın 26-da erməni qüvvələri tərəfindən törədilib və nəticədə yüzlərlə dinc azərbaycanlı, o cümlədən qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Çoxsaylı beynəlxalq təşkilat və dövlətlərin tanıdığı bu cinayət Ermənistanın tarixində qara ləkə olaraq qalır.
"...Səidə Qulam Fatimə Xocalı qurbanlarını müdafiə etmək əvəzinə, bu cür vəhşiliklərə görə məsuliyyət daşıyan separatçı rejimləri dəstəkləməkdə müəyyən rol oynayan Ruben Vardanyan kimi şəxslərlə əməkdaşlığa üstünlük verib. Bu, onun həqiqi motivləri və fəaliyyətinin həqiqətən humanitar məqsədlərə xidmət etməsi, yoxsa sadəcə daha geniş siyasi və maliyyə korrupsiyası sxemində növbəti əlaltının olması ilə bağlı ciddi etik suallar doğurur", - məqalədə bildirilib.