AZ

Marko Rubio: Ağ ev USAID proqramlarının 83 faizini dayandırıb

Bakı, 10 mart, AZƏRTAC

Donald Tramp administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 faizini rəsmən dayandırıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bu barədə özünün sosial media hesabında yazıb.

“Altıhəftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83 faizini dayandırdıq. Ləğv edilən 5200 müqavilə çərçivəsində on milyardlarla dollar Birləşmiş Ştatların maraqlarına uyğun olmayan şəkildə və bəzi hallarda hətta onun zərərinə xərclənib”, - deyə Marko Rubio bildirib. Onun sözlərinə görə, USAID-in qüvvədə qalan minə yaxın proqramı ABŞ Dövlət Departamentinə təhvil verilib.

Fevralın 26-da ABŞ Prezidenti Donald Tramp administrasiyası USAID və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92 faizini ləğv etmək niyyətində olduğunu açıqlayıb. Dövlət başçısının fikrincə, bu, hökumət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verəcək. Fevralın 3-də Ağ ev İlon Maskın və onun rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin təhriki ilə USAID-in fəaliyyətini dayandırıb.

Seçilən
24
azertag.az

1Mənbələr