Noyabrda Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 194 üzv dövlətinin əsas prioritetlərini müəyyən edən bəyannamə qəbul ediləcək...
Bu barədə “Report”a açıqlamasında ITU-nun regional direktoru Natalya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirinin kuluarlarında bildirib.
"Bu konfrans ITU üçün ən vacib konfranslardan biridir, çünki inkişaf məsələlərinə həsr olunub. Tədbir çərçivəsində üzv dövlətlərin prioritetlərini əks etdirəcək yüksək səviyyəli sənəd - bəyannamə hazırlayacağıq. Həmçinin ITU-nun strateji iş istiqamətlərini müəyyən edən qətnamələr müzakirə olunaraq qəbul ediləcək. Konfransda regional prioritetlər də təsdiqlənəcək. MDB ölkələri üçün təxminən 5 prioritet olacaq və növbəti 4 il ərzində ITU diqqəti onların həyata keçirilməsinə cəmləşdirəcək", - N.Moçu qeyd edib.
Onun sözlərinə görə, əsas proqramdan əlavə, ITU gənclərə rəqəmsal gələcək məsələləri ilə bağlı öz fikirlərini bildirmək imkanı vermək üçün gənclər forumunun keçirilməsini də planlaşdırır.
"Gənclər texnologiya sahəsində ən fəal auditoriyadır və onların fikirlərini nəzərə almaq vacibdir. Bundan başqa, texnologiyalara çıxışda gender fərqi hələ də böyük problem olaraq qaldığı üçün qadınların şəbəkə görüşü kimi əlavə tədbirlərin keçirilməsi imkanlarını nəzərdən keçiririk. Konfrans çərçivəsində digər tematik müzakirələr də təşkil oluna bilər, lakin onların hamısı qlobal və regional səviyyələrdə rəqəmsal inkişaf məsələlərinə həsr olunacaq", - regional direktor əlavə edib.
Poliqon.info