Xam neft, səhmlər və digər riskli aktivlər ilə birlikdə ikinci gün də ucuzlaşıb.
Marja xəbər verir ki, ABŞ-da gömrük rüsumlarının (tariflər) və digər tədbirlərin iqtisadi artıma zərər verəcəyi ilə bağlı narahatlıqlar investorların riskdən qaçmasına səbəb olub.
Brent markalı neft bazar ertəsi 1,5% dəyər itirərək barreli 69 dollara düşüb, ABŞ xam nefti isə 66 dollardan aşağı düşüb.
ABŞ prezidenti Donald Trampın tarifləri artırmaq siyasəti və geosiyasi hadisələr bazarlarda iqtisadi qeyri-müəyyənliyi artırıb və investorların riskli aktivlərdən qaçmasını sürətləndirib.
Neft yanvarın ortalarında pik həddinə çatdıqdan sonra təxminən 20 faiz ucuzlaşıb. Tramp administrasiyasının vergi hədələri və federal xərcləri azaltmaq planları dünyanın ən böyük neft istehsalçısı və istehlakçısı olan ABŞ-ın iqtisadi perspektivlərini zəiflədir. Neftin qiymətinin aşağı düşməsinə səbəb olan digər amillərə OPEC+ qrupunun hasilatı artırmaq planları və Çində tələbin azalması daxildir.
ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, Tramp administrasiyası İranın neft hasilatına qarşı sanksiyaları ciddi şəkildə tətbiq etməyə hazırdır.
Vitol Group-un baş direktoru Russell Hardy proqnozlaşdırıb ki, neft qiymətləri növbəti bir neçə il ərzində bir barel üçün 60-80 dollar arasında “məqbul” səviyyədə qalacaq.