Rəsmi statistikaya görə, 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42,0 faiz artaraq 694,2 milyon manat təşkil edib. Bu vəsaitin 65,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə olunub. Həmçinin Azərbaycanda hotellərin keçən il əldə etdiyi gəlirlərin böyük hissəsi noyabr ayının payına düşüb. Belə ki, noyabr ayında hotellərin gəlirləri 120.65 milyon manat olub və bu da öncəki aylarından və hətta turizm ən aktiv sayıldığı iyul və avqust ayını 74 faiz üstələyib. Gəlirlərin həcmi Bakı şəhərində illik 51 faiz artımla 474.2 milyon manata yüksəlib.
2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24 faiz olub (2023-cü ildə 20,1 faiz). Bu göstərici Şabranda 62,9 faiz, Naftalanda 46,1 faiz, Bakıda 39,3 faiz, Qusarda 27,0 faiz, Sabirabadda 23,7 faiz, Qəbələdə 23,5 faiz, Qubada 22,2 faiz, Ağstafada 19,2 faiz, Ağcabədidə 17,6 faiz, Beyləqanda 17,5 faiz, Şamaxıda 17,4 faiz, Lənkəranda 17,3 faiz, digər şəhər və rayonlarda isə 17,3 faizdən aşağı olub.
Keçən il Azərbaycanda hotellərin xərcləri isə 510.41 milyon manat təşkil edib. Beləliklə, hotel sənayesi 183.75 milyon manat həcmində vergi xərci çəkilməmiş mənfəət əldə etmiş olublar. Halbuki, 2023-cü ilin mənfəəti cəmi 98.73 milyon manat olmuşdu.
Yeri gəlmişkən, otel biznesinin dünya miqyasında inkişafı da rekord həddə çatıb. Hazırda 16 minə yaxın layihə inkişaf mərhələsindədir. Mütəxəssislər son hesabatında qeyd ediblər ki, 2024-cü ilin sonuna qədər dünyada müxtəlif inkişaf mərhələlərində 15,820 otel obyekti var idi, bunların təxminən 10 faizi Avropanın payına düşür. ABŞ-nin bu həcmdəki payı, təxminən, 40 faizdir (6400 layihədən bir qədər az), Çinin payı isə 24 faizə bərabərdir (təxminən, 3800 yeni otel). Son bir ildə layihələrin sayının 35 faiz artaraq 700-ə çatdığı Hindistanda nəzərəçarpacaq artım müşahidə olunur.
Dünyada otel biznesinin inkişaf tempinə görə beş aparıcı ölkənin siyahısını Kanada (333 layihə) və Səudiyyə Ərəbistanı (316 obyekt) bağlayır.
2024-cü ilin sonunda ən iri Avropa bazarı Böyük Britaniya olub (286 mindən çox otaqlıq 40 layihə). Almaniya ikinci yeri tutur (161 otel), ardınca Türkiyə, Fransa və Portuqaliya gəlir.
Maraqlıdır, görəsən, Azərbaycanda son illər otellərin gəlirlərinin artmasına səbəb nədir? Artım tendensiyası davam edəcəkmi?
Məsələni qəzetimizə şərh edən turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, bu gün pandemiyadan qalan qadağalar səbəbilə quru sərhədlərin bağlı olması ölkəmizdə yerli turistləri Azərbaycan hüdudlarından kənara deyil, bölgələrə üz tutmağa istiqamətləndirib: “Məsələn, pandemiyadan əvvəlki dövrə nəzər salsaq görərik ki, yerli turistlər qonşu Gürcüstana və Rusiyanın Azərbaycana yaxın olan əyalətlərinə gedirdilər. Əlbəttə, turistlərin regionlara axın etməsi yerli komplekslərin marağına səbəb olub. Bu gün regionlarda fəaliyyət göstərən hotellərin fəaliyyətinə də məhz bu dinamika təsir göstərir. 3 ulduz hotellərin qiymətlərində artım müşahidə olunur. Təbii ki, ölkəmizin beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etməsi ölkəmizin iqtisadiyyatının inkişafı insanların sosial rifahının yaxşılaşdırılması, ekonom büdcəli insanların bir addım önə keçməsi bazarda canlanma yaradır. Bu da hotellərin qiymətlərinə təsir göstərir. 5 ulduzlu hotellərə nisbətən bu hotellərdə servis aşağı olsa da hotellərdə xidmətin yaxşılaşdırılmasını görə bilirik. Hotellər əvvəlki kimi qiymət endirimi ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparırlar. Əvvəlki dövrdə insanlar ucuz yer axtarırdısa, sosial rifahları yüksəldikdən sonra artıq keyfiyyətli yer axtarırlar. Bu keyfiyyət arxasınca getdikdə artıq bu tələbin qarşısında müvafiq təklif verilir”.
R.Quliyev qeyd edib ki, hotellərdə keyfiyyət artdıqca qiymət artımı qaçılmazdır: “Hansısa hotel servis keyfiyyətini artırmaq üçün işçi sayını artırmalı, yemək çeşidlərinə əlavələr etməlidir, ərazidə mütəmadi təmizlik işləri aparılmalıdır, gigiyenik qaydalara daha çox diqqət edilməlidir, yeni yataq dəstləri və avadanlıqlar alınmalıdır. Təbii ki, bunlar hamısı xərclərə daxildir. Bu xərclər də sifarişçinin hesabına əlavə olunur. Bu zaman qiymətm artımı da qaçılmaz olur. Buna baxmayaraq sevindirici haldır ki, hotellər doludur. Bu bizim iqtisadiyyatımızın artan dinamikasından xəbər verir. Yerləşmə sayı gündən-günə çoxalır”.
Ekspert həmçinin deyib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, eyni zamanda təhlükəzliyin yüksək səviyyədə qorunub saxlanılması əsas verir ki, ölkəyə turist axını sürətlənsin: “Bunu davamlı etmək üçün müxtəlif tədbirlər planı həyata keçirilir. İstənilən halda ölkəyə gələn turist aşağı və ya yuxarı büdcədən asılı olmayaraq müəyyən vəsait xərcləyir. Bizə də gələn turistlərin sayı daha çox vacibdir. Hazırda ölkəyə gələn turistlərin sayında da əhəmiyyətli artım müşahidə olunur. Bu da istər-istəməz hotellərin doluluq səviyyəsinə müsbət təsir göstərir və paralel olaraq hotellərin gəlirlərini artırır. Quru sərhədlər açılmasa, biz bu tendensiyanı uzun müddət müşahidə edəcəyik”.