AZ

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Zelenski ilə görüşüb- ÖZƏL

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud Ciddə şəhərində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirib. Olaylar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Görüş zamanı tərəflər Səudiyyə Ərəbistanı ilə Ukrayna arasındakı münasibətləri və Ukraynadakı son hadisələri müzakirə ediblər. Vəliəhd şahzadə bildirib ki, o, Ukraynada sülhün əldə olunmasına yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir.

Zelenski martın 10-da Səudiyyə Ərəbistanına səfər edib və danışıqlardan sonra Ciddəni tərk edib. O, martın 11-də baş tutacaq ABŞ-Ukrayna danışıqlarında iştirak etməyəcək. Lakin Ukrayna nümayəndə heyəti - Prezident Ofisinin rəhbəri Andriy Yermak, Xarici İşlər Naziri Andriy Sibiqa və Müdafiə Naziri Rustem Umerov - ABŞ nümayəndələri ilə görüşəcək.

Amerika tərəfini danışıqlarda Dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edəcək. Uitkoffun sözlərinə görə, Ciddədə keçirilən görüş Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyişə səbəb ola bilər.

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş martın 11-də yerli vaxtla günorta saatlarında (Azərbaycan vaxtı ilə 13:00-da) başlayacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr