AZ

Futzal mütəxəssisi: Yunanıstan elə də güclü komanda deyil, onları məğlub etmək olar

Bakı, 11 mart, AZƏRTAC

“Yunanıstan millisi elə də güclü komanda deyil. Onları məğlub etmək olar”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin seleksiya üzrə məşqçisi Ağatahir Əzimov yığmanın “Avro-2026”nın əsas mərhələsində səfərdə Yunanıstana qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O bildirib ki, rəqib Avropa futzalında ortabab komandalardan biridir: “Yəni, bizə uyğun rəqibdir. Bakıda onlarla heç-heç etmişdik. Düşünürəm ki, evdəki matçda daha çox pressinq edə bilsəydik, yunanları əliboş yola sala bilərdik. Çünki ilk qolu bu taktika ilə vurmuşduq. Təzyiq qarşısında oyun planları pozulur. Mən bu cür danışsam da, yığma komandanın baş məşqçisi Vitali Borisov fərqli düşünə bilər”.

Mütəxəssis Azərbaycan millisinin qrupda ikinci yeri tutmaq şansının olduğunu söyləyib: “Hər kəsə aydındır ki, Xorvatiya seçməsi qrupu lider olaraq başa vuracaq. Azərbaycan, İsveç və Yunanıstan komandaları isə ikinci yer uğrunda mübarizə aparacaqlar. Ümidimizi itirmirik. İsveçə də məğlubiyyət yaşada bilərik. Sadəcə, hazırda millidə yenilənmə gedir. Gənc oyunçular istənilən təcrübəyə sahib deyillər. Belə olan halda, baş məşqçinin də əlində seçim az olur”.

Qeyd edək ki, bu gün Afinada yerləşən DAİS İdman Arenasında təşkil olunacaq Yunanıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Rəqib 4 xalla ikinci, millimiz isə 2 xalla üçüncü sırada qərarlaşıb.

Seçilən
42
azertag.az

1Mənbələr