AZ

Azərbaycanla sülh müqaviləsini imzalamağa siyasi iradələri çatmır– ÖZƏL

Ermənistanın "Hraparak" nəşri yazır ki, Baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim partiya nümayəndələri ilə qapalı iclas keçirib. Rəsmi açıqlamada sülh prosesinin müzakirə edildiyi bildirilsə də, nəşrin iddiasına görə, Paşinyan danışıqların nəticə vermədiyini və müharibənin qaçılmaz ola biləcəyini vurğulayıb. O, ictimaiyyətin bu mövzuda məlumatlandırılmasını tapşırıb. Ermənistan hakimiyyətinin son günlər xüsusilə Zəngəzurda gərginlik yaratmağa çalışdığı qeyd olunur. Azərbaycan isə regionda sülh prosesinə sadiq qalır və hərbi gərginlikdə maraqlı deyil.

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, Ermənistanda müharibə çağırışları güclənir, müxalifət isə Qarabağla bağlı illüziyalar yaradır, lakin Azərbaycan sülhə sadiqdir və hər cür təxribatın qarşısını alacaq:

"Ermənistanda son zamanlar müharibə tərəfdarlarının sayı artıb və aktiv şəkildə müharibənin aparılmasının leyhinə görüşlər keçirirlər. Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyanın xarici ölkələrdə yenidən görüşlərini aktivləşdirib və geri qayıdarkən də Qarabağdan köçmüş erməni separatçıları ilə görüşlər təşkil edib və Ermənistan müxalifətindən də müxtəlif cür fikirlər səsləndirib. Onlar iddia edirlər ki, guya hakimiyyətə gələcəkləri təqdirdə Qarabağı yenidən Azərbaycandan alacaqlar və erməni separatçılarına bu məsələlərlə bağlı vədlər verirlər. Təbii ki, bu, xəyalpərəstlikdən başqa bir şey deyil. Reallıqda mümkün olmayan şeylərdir və Ermənistan rəhbərliyi də, iqtidar partiyası da bütün bu baş verənlərin günahını sanki Azərbaycanın boynuna yıxmaq və baş verəcək hadisələri Azərbaycan tərəfinə yükləmək üçün bu cür məlumatlar tirajlayır. "Hraparak" qəzeti Baş nazir Nikol Paşinyanın yaxınlığından bilinən bir qəzetdir və görünür ki, bu qəzetdə məlumatların sızdırılması, yəni iqtidar partiyasında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı guya ki, gizli görüşün keçirildiyi barəsində məlumatın sızdırılması da, məhz Baş nazirin özünün istəyi daxilində baş verib. Ermənistan tərəfi şübhəsiz ki, Azərbaycan və Ermənistan arasındakı sülhün bağlanmasına hələ ki, hazır deyil. Faktiki olaraq Paşinyan hökuməti xarici havadarlarının və erməni kilsəsinin, həmçinin erməni diasporunun, hansı ki, erməni separatçılığını qızışdıran qüvvələrdir və Azərbaycanla sülh müqaviləsini imzalamağa siyasi iradələri çatmır. Ermənistan daxilində aparılan müzakirələr əsas etibarı ilə hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir. Ermənistanda ümumilikdə hakimiyyət uğrunda mübarizə məhz Azərbaycan-Ermənistan və Qarabağ məsələsi üzərindən gedir və bu məsələdən istifadə etməyə çalışırlar. Ancaq Ermənistan hökuməti bunu özü tənzimləməlidir. Əgər  Azərbaycana qarşı hansısa təxribat olarsa, şübhəsiz ki, Azərbaycan həmin qüvvələrin başını əzəcək və Ermənistanı yerində otuzduracaq. Düzdür, Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir. Ancaq bu o demək deyil ki, Ermənistanda hansısa bir qüvvələr gələcəkdə hakimiyyətə yiyələnə bilsələr belə, Azərbaycana qarşı hansısa bir hərəkətə keçəcəklər. Dərhal Azərbaycan bu məsələdə onlara cavab verəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr