“Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər”. Bunu millət vəkili Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir: “Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermir. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əmək haqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.
Qadınların pensiya kapitalının artırılması yolları ilə bağlı daha bir təklif millət vəkili Vüqar Bayramovdan gəlib. Deputat bir sıra ölkələrdə olduğu kimi, qadınların pensiya kapitalının xüsusi əmsala vurulmasını təklif edib: “Məsələn, onun pensiya kapitalı 40 min manatdırsa, əlavə olaraq, 50 faiz əmsalına vurularaq, 20 min manat artırıla bilər. Bu qayda qadın pensiyaçılar üçün olduqca faydalı olar. Xüsusən nəzərə alsaq ki, qadınlarla kişilər arasında əməkhaqqı fərqi və qadınların yaşlandıqda sosial təminata daha çox ehtiyacı var. Ona görə də təklifimiz ondan ibarətdir ki, qadınlar pensiya yaşı tamam olanda onların pensiya kapitalı 50 faiz əmsalına vurulsun. Son nəticədə bu imkan verəcək ki, qadın pensiyaçılar təqaüdə pensiya çıxarkən xüsusi əmsal nəticəsində daha çox pensiya almaq imkanı qazana bilər”.
Bəs, görəsən, həyat yoldaşının əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi təklifinin reallaşması nə dərəcədə mümkündür? Bu addım qadınların pensiya kapitalına təsir göstərə bilərmi?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev bildirib ki, sözügedən təklifi real hesab etmir: “Ümumiyyətlə, Azərbaycanda qadınların məşğulluğu istiqamətində xeyli işlər görülüb. Ölkədə həmkarlar ittifaqlarına üzv olanların 52 faizi qadınlardır. Qadınlar kişilərlə bərabər hüquqlara malikdir və bu hüquqlar Azərbaycan Konstitusiyası ilə qorunur. Əgər qadın kişi tərəfindən hər hansı zorakılığa - istər iqtisadi, istərsə də psixoloji təzyiqə məruz qalırsa və onun işləməsinə icazə verilmir, bu, iqtisadi zorakılıqdır və məişət zorakılığı fonunda qiymətləndirilməlidir.
Deputatın təklifinə gəldikdə, kişi qadının işləməsinə mane olursa, onun maaşının bir hissəsinin qadının pensiya fonduna köçürülməsi məntiqli fikir deyil. Bunun əvəzinə, evdar qadınların uşaqları böyütmə dövrünün əmək stajı kimi hesablanması daha məqsədəuyğun olar. Qadınlar yalnız öz ailələri üçün deyil, ümumilikdə cəmiyyət üçün övlad yetişdirirlər. İkinci təklifim isə budur ki, evdar qadınlar üçün Əmək Nazirliyi səviyyəsində frilanser (sərbəst iş) və onlayn iş yerləri yaradılsın, eləcə də əmək yarmarkaları təşkil olunsun. Bu yolla qadınlar evdən çıxmadan da əmək fəaliyyətini davam etdirə bilərlər".
Ekspertin sözlərinə görə, kişilərin qadınları işləməyə qoymaması çox nadir hallarda baş verir: “Bu, geniş yayılmış bir tendensiya deyil. Təbii ki, bəzən sivil cəmiyyətlərdə belə hallar ola bilər, amma bu hallar fərdi xarakter daşıyır. Qadınlar bəzən evdə uşaqların tərbiyəsi və qidalanması ilə məşğul olduqlarına görə işləyə bilmirlər. Bununla yanaşı, azyaşlı övladı olan qadınların əmək hüquqları Azərbaycanda yüksək səviyyədə təmin olunur. Qanunvericiliyə əsasən, belə qadınlara bir sıra güzəştlər də tətbiq edilir”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu təklifin reallaşması o qədər asan görünmür: “Burada maraq doğuran məqam yoldaşının hansı səbəbdən işləmədiyinin necə müəyyən edilməsidir. Bu təsbit məsələsi, yəqin ki, ailələr arasında sorğu yolu ilə müəyyən edilə bilər. Burada variantlardan biri bu ola bilər. Əgər bir neçə formada sorğu keçirilərsə, həmin sorğuların nəticəsində, hətta ailədə əlverişli tərəflərdən birinin müəyyən mənada etiraf etmədiyi məqamları belə, bu yollarla üzə çıxartmaq mümkündür. Yəni sadəcə keyfiyyətli sorğu metodologiyası hazırlamaq olar. İndiki halda mən bunun necə tənzimlənəcəyi ilə bağlı hansı yanaşmanın hökumətdə olduğunu bilmirəm. Azərbaycan ailəsini, strukturunu nəzərə almış olsaq, çox böyük ehtimalla bunun təsbit edilməsi o qədər də asan olmayacaq. Bu bir sıra subyektiv məqamlara da gətirib çıxara bilər”.
İqtisadçı vurğulayır ki, məsələ ilə bağlı neqativ bir yanaşma da var: “Başa düşüləndir ki, ölkədə bir çox problem var. Bütün bunları bir kənara qoyub məsələyə rasional olaraq baxsaq, əgər tərəflərdən biri digərinin konstitusion hüququnu və bəzi hallarda bunu təzyiq yolu ilə məhdudlaşdırırsa, bu neqativ bir məsələdir. Amma bir məqam da yaddan çıxmamalıdır ki, həyat heç də hamar deyil. Uzunmüddətli dövrdə müxtəlif vəziyyətlər ortaya çıxa bilər. Ailələr dağılır və bu hallar kifayət qədər genişlənib. Burada digər tərəfin ahıllıq dövründə sosial təminatının güclü əsasının yaradılması alətlərindən biri kimi istifadə oluna bilər. Xüsusilə də Azərbaycan ailəsində kişilərin qadınları işləməyə qoymaması daha çox yayılıb. Bunun yaradacağı nəticələri nəzərə alaraq kişilər bu məsələdə çox da israrlı olmaya bilərlər. Hələlik neqativ tərəflərini görmürəm. Sadəcə burada bir neqativ məsələ yarana bilər. Belə ki, insanlar tam olaraq dövlət sosial sığorta haqqını ödəyəndə bir sıra hallarda əhəmiyyətli kəsim tələb olunan kapitalı toplaya bilmir. Təsəvvür edin ki, bu kapital eyni zamanda bölünəcək. Belə olduğu təqdirdə ailə üzvlərindən birinə pensiya hüququnun yaranması ehtimalı yarana bilər. Gələcəkdə bu heç bir ailə üzvünün pensiya ala bilməməsinə gətirib çıxara bilər. Bunun neqativ tərəflərini də sığortalayan bir amil olmalıdır. Hazırda bu mexanizm hazırlansa və bunun tətbiqi ilə bağlı qərar qəbul edilsə, bu məqam daha diqqətlə incələnməlidir. Əgər ailə üzvünün hər ikisinin pensiya hüququ yaranmrsa, ən azından pensiya kapitalını birləşdirə bilməlidir. Ahıllıq dövründə ailənin təminatı məsələsi var. Bütün bunlar müzakirə olunmalıdır. Bunların hamısı nəzərə alınmaqla yekun, təkmil mexanizm tətbiq edilərsə, düşünmürəm ki, bu, mənfi bir yanaşmadır”.