Biznes elə bir sahədir ki, hər an hər şey ola bilər. Bu kimi hallarda biznes sahibinin nə reaksiya verəcəyi, nə edəcəyi önəmli olur. Aydındır ki, burada xarakterin rolu var. Biznesimizin uğurlu olmasında xarakterimizin rolu nə dərəcə də vacibdir?
“Whelp” İT şirkətinin təsisçisi Seymur Rəsulov Valyuta.az-a bildirdi ki, sahibkarın xarakteri biznesinin həyatında önəmli rol oynayır: “Hətta biznesinin taleyini həll etdiyini də deyə bilərik. Başlanğıcda biznes sahibinin xarakteri tam formalaşmayıbsa, konkret nə istədiyini bilmirsə, davranışlarını düzgün formalaşdırmayıbsa, çox subyektiv yanaşmaları varsa, bu sadaladığım hallar biznesə neqativ təsir edəcək. Yaxud biznesin ortasında bir insanın xarakteri formalaşmaqdadırsa, biznesin gedişatı idarəçinin xarakterinin formalaşmasına kömək edəcək. Üçüncü versiya isə odur ki, əgər bir insanın xarakteri formalaşıbsa, hər şeyə reaksiya vermirsə, təmkinlə, səbrlə problemlərlə üzləşib, onları həll edə bilirsə, bu xarakter insanların biznesinin ancaq və ancaq uğurlu olmasına gətirib çıxaracaq. Nəinki uğurlu olmaq, komandanın fəaliyyətinə müsbət təsir göstərəcək, komanda daha istəkli, həvəsli və məqsədyönlü olacaq. Belə olduğu halda şirkət müştərilərinin sevimlisinə, digər şirkətlərin isə həsəd apardığı bir gücə çevriləcək”.
Biznes sahibləri öz xarakterləri üzərində daim işləməlidir
S.Rəsulov deyir ki, deyir ki, biznes sahiblərinin xarakter və xasiyyətlərində etdiyi səhvlərdən biri də hər şeyə reaksiya vermələridir: “Amma bunun əvəzinə uğurlu olmaq istəyən biznes sahibi müdrikliklə, təmkinlə cavab verməyi bacarmalıdır. Biz peşəkarlar olaraq reaksiya verməyi yox, cavab verməyi öyrənməliyik. Təbii ki, düzgün və liderə uyğun cavab vermək üçün təcrübə lazımdır. Əlbəttə ki, səhvlər ola bilər, amma əsas o səhvlərdən yola çıxaraq özünü formalaşdırmaqdır. Formalaşmış xarakter uğurlu biznesə, formalaşmamış xarakter zəifləyəcək biznesə gətirib çıxaracaq”.
Sərvanə Rəmixanova