AZ

Kərə yağında qıtlıq şoku: Qiymət artımının arxasında hansı səbəblər durur?

Azərbaycanda bir sıra əmtəə nişanlı kərə yağlarının satışında qıtlıq yaranıb. Xüsusilə böyük supermarket şəbəkələrində 5 kiloqramlıq kərə yağı tapmaq çətinləşib. Paralel olaraq, bazarda tələbat yüksək olan kərə yağlarının - “Anchor”, “Gerda”, “Best Cow”, “Westgold”, "Golden Crown”, "Valio" yağlarının qiymətləri artıb.

Publika.az xəbər verir ki, “Valio”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elçin Cəfərov Teleqraf-a açıqlamasında "Valio" yağlarının dəyərində dəyişiklik olmadığını bildirdi.

Qeyd etdi ki, artıq bir neçə ildir ki, hökumət yağ bazarına nəzarət edir. Avropadan idxal edilən yağlara Nazirlər Kabinetinin qərarı ilə 2017-ci ildən güzəşt tətbiq edilir. Belə ki, məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində deyil, 5% həcmində idxal vergisi tutulur:

"Azərbaycan bazarında tələbatın yüksək olduğu 3 əsas yağ brendindən biri “Valio”dur. "Valio" yağlarının qiyməti gündəlik bazar dəyərinə əsasən tənzimlənir. Rüblük qiymət azalıbsa, biz də azaldırıq. Qiymətdə dəyişiklik olduqda gömrük orqanlarını məlumatlandırırıq".

E. Cəfərov bir sıra supermarket şəbəklərindəki qiymət fərqlərini sahibkarların öz daxili marjaları ilə əsaslandırdı.

“Böyük supermarket şəbəkələri bir çox hallarda 3%-ə qədər marja tətbiq edirlər. Yəni yağın qiymətinin artımına bəzən bu şəbəkələrin qoyduğu əlavə qiymət təsir göstərir”.

Hazırda dünya bazarında kərə yağının bahalaşdığını deyən Elçin Cəfərov qeyd etdi ki, bunun səbəblərindən biri enerji qiymətlərinin artmasıdır:

"Qışda enerjiyə daha çox tələbat olur, buna görə də bu aylarda məhsulun, əsasən yağın qiyməti qalxır. Yaz aylarında isə əksinə. Düzdür, yayda yağın qiymətinin enəcəyi ilə bağlı hələlik Finlandiyada müzakirələr aparılmır. Bütün hallarda ola bilsin ki martdan sonra qiymətlər azalsın".

Seçilən
33
2
publika.az

3Mənbələr