Müdafiə Nazirliyinin (MN) Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımov apellyasiya şikayəti üzrə çıxış edib.
O deyib ki, mənimsəmədə birbaşa əli olan şəxslər hazırda azadlıqdadır:
“Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov mənimsəmə işində ən əsas adamdır. Onun 7 milyon manat mənimsədiyi istintaqla müəyyən olunub. Lakin, çöldə öz kefindədir. Bundan başqa, N.Poladov da hələ həbs olunmayıb. Onlar bura gəlməlidir. Bu vəsatətimiz l instansiyada da təmin edilmədi. Mənim imzam heç yerdə getməyib. Lakin mən 37 aydır həbsdəyəm. Mənə mənimsəmə ilə bağlı irəli sürülən məbləğ tamamilə şişirdilib”.
Cəlal Kazımov qeyd edib ki, I Qarabağ müharibəsinin iştirakçısıdır:
“Bu cinayət işi üzrə biz sadəcə qurban verilmişik. Aparılan təftiş Nizami Məmmədovun vəzifəyə gəldiyi vaxtdan aparılıb, əvvəlki vaxtlar da yoxlanılmalı idi. Mən məhkəmədən adını çəkdiyim şəxslərin prosesə çağırılmasını xahiş edirəm”.
Hakim məhkəmə istintaqının aparılmadığını əsas gətirərək vəsatəti təmin etməyib.
Vüsal Əlizadə şikayətinin dəlilləri üzrə çıxış edib. O, barəsində daha yüngül cəzanın verilməsini xahiş edib.