AZ

Borisov: “Yunanlarla oyun hər iki tərəf üçün finala bərabərdir”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Yunanıstan yığmasına qarşı keçirəcəkləri oyundan gözləntilərini açıqlayıb.

Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək Azərbaycan millisi Yunanıstan yığması ilə qarşılaşacaq. Afinada keçiriləcək görüşün hazırlığını yekunlaşdıran komandamızın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib:

“Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdür, heyətimizdə yüngül zədəli futzalçılar var. Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadənin zədələri mövcuddur. Amma oynayacaq durumdadırlar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik.

Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Bizi gərgin oyun gözləyir.

Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubuna çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşı dayandı. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.

Qeyd edək ki, bu gün Afinada “DAİS Sports Hall”da baş tutacaq Yunanıstan – Azərbaycan matçına saat 21:00-da start veriləcək.

Seçilən
54
6
arena.az

10Mənbələr