AZ

Əcnəbi şəxslərlə evlənənlərin sayı niyə çoxalıb? - Sosioloq DANIŞDI

"Həyatımıza internet daxil olubsa, bu kimi halların gözlənilməsi də qeyri-adi deyil". Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki, bu gün internet dünyasında yaşayırıq: "Bütün dünyada insanların bir-birinə bir an içərisində əlaqəsi var. Yəni söhbətləşmə, görüntülü danışma, görüntülü video və s. bütün bunlar hamısı insanların bir-birini görüb bəyənməsinə, həm də bir-birindən istifadə etməsinə səbəb olur. Yəni əcnəbilər ilə bu qədər evlənmə sayının çox olması da elə internet dünyası ilə birbaşa bağlıdır. Əvvəlki illərdə SSRİ dövründə Azərbaycanın digər xarici dövlətlər ilə sərhədləri bağlı idi. Amma müstəqillik illərindən sonra sərhədlərimiz demək olar ki, bütün dünya üçün açıqdır. Dünyanın hər yerindən Azərbaycana gələnlər, Azərbaycandan dünyanın hər yerinə gedənlər çox olduğu üçün insanlar bir-birini görür, sevir və evlənir. Digər tərəfdən isə miqrasiya məsələlərini həll etmək üçün əcnəbi evliliklərinin sayı artır. Son illərdə isə daha çox artıb, təbii ki, bu evliliklərdə də sevib ailə quran insanlar var və digər məsələlər üçün istifadə edənlərdə var. Azərbaycanda əcnəbilər ilə evlənənlərin sayı xüsusilə İran, Türkiyə, Gürcüstan, Rusiya yəni bizə qonşu olan dövlətlər ilə daha çoxdur və Avropa ölkələri ilə də vardır. Bu cür evliliklər digər tərəfdən həm də problemlər yaradır - təhsil problemi, dil-mədəniyyət problemi. Məsələn, İran və Türkiyə vətəndaşları ilə bizim qızlarımız ailə qurarkən burada heç bir problem olmur. Həm dil, həm də milli dəyərlər baxımından heç bir problem olmur. Lakin digər xarici ölkə vətəndaşları ilə ailə quranda isə bizim qızlarımız üçün problemlər yaranır. Onların milli dəyərləri, mədəniyyətləri ilə tanış olmadıqları üçün öyrənənə qədər problemlər yaranır".

Məmmədovanın sözlərinə görə, əcnəbilər ilə evlənənlər əsasən qadınlardır: "Çünki bizim kişilərin əcnəbilər ilə ailə qurmağı bir o qədər çox deyil. Çünki onlar öz xalqımızın qızları ilə ailə qurmağa üstünlük verirlər. Lakin bizim elə qızlarımız var ki, xaricdən vətəndaşlıq almaq üçün müvəqqəti ailə qururlar və dediyim kimi müvəqqəti də olur. Düşünürəm ki, əcnəbilər ilə ailə quranlar çox diqqətli olmalıdırlar. Bizim qanunvericilikdə də bu öz əksini tapır ki, vətəndaşlığı olmayan adamlar ilə ailə qurduqda insan nə kimi problemlər ilə üzləşir. Ona görə də bu məsələlərdə ciddi olmaq lazımdır. Əgər həqiqətən də bir insan bir insanı sevirsə, dünyanın harasında olursa-olsun düşünürəm ki, buna heç bir aiddiyyatı yoxdur. İki insan bir-birini sevirsə, onun evlənməsində ailə qurmasında heç bir problem yoxdur. Lakin iki insan bir-birindən öz şəxsi mənfəəti üçün evlənirsə, burada diqqətli olmaq lazımdır. Çünki bunun sonunda boşanmalar olur, övlad dünyaya gəldikdə onun taleyi olur. Ona görə də əvvəlcədən düşünüb ağıllı başlı hərəkət etmək lazımdır".

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
15
sia.az

1Mənbələr