Sosial şəbəkələr insanlara istədikləri imici formalaşdırmaq imkanı yaradır. Burada hər kəs öz həyatının ən yaxşı anlarını paylaşır, uğurlarını ön plana çıxarır və bəzən həqiqəti olduğundan fərqli göstərir.
Bəzi insanlar daha maraqlı, daha intellektual və ya daha uğurlu görünmək üçün gerçək kimliklərini gizlədirlər. Digərləri isə cəmiyyətin qəbul etdiyi standartlara uyğunlaşmaq və sosial statuslarını yüksəltmək məqsədilə fərqli davranırlar. Bundan əlavə, bəziləri sadəcə başqalarının diqqətini çəkmək və daha çox bəyənmə (like) qazanmaq üçün özlərini olduğundan fərqli təqdim edirlər.
Bəs insanlar niyə sosial şəbəkələrdə əsl kimliklərini gizlədirlər?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, virtual platformalar insanları olduğu kimi olmaqdan uzaqlaşdırır:
“Əslində biz necə formalaşmışıqsa, mayamız nədən yoğrulubsa, elə də olmalıyıq. Ancaq sosial şəbəkələr və virtual mühit insanlara özlərini fərqli göstərmək imkanı yaradır. Bəzən insanlar istəmədən belə, başqalarının onları yanlış anlamasına səbəb olurlar. Bəzən də bilərəkdən, məqsədli şəkildə özlərini fərqli təqdim edirlər.
Elə insanlar var ki, ətrafındakılara daha fərqli bir imic nümayiş etdirmək üçün olduğu kimi davranmır. Digərləri isə sadəcə başqalarının onları səhv anlamasının qurbanı olurlar. Virtual platformalarda etdiyimiz hər bir hərəkət, paylaşdığımız hər bir fikir gözlənilməz reaksiyalar doğura bilər. Bəzən biz bunu istəmədən edirik, bəzən isə məqsədli şəkildə müəyyən nəticələr əldə etməyə çalışırıq.
Sosial mediada çox vaxt dəyərlər dəyişir – oğrular doğru insan, namussuzlar namuslu, yalançılar isə dürüst biri kimi qələmə verilir. Çünki klaviatura və monitor arxasında kimin əslində kim olduğunu bilmək çətindir. Real ünsiyyət olmadan hər kəs başqasının həyatını yaşamağa can atır”.
Sosioloq əlavə olaraq bildirib ki, xüsusilə, influencerlərin həyatını yaşamaq istəyən insanların sayı gün keçdikcə artır:
“Bəzi insanlar başqası kimi olmağa, başqasının etdiyini təkrarlamağa çalışır. Trendlər niyə bu qədər məşhurlaşdı? Çünki insanlar artıq olduğu kimi olmaq istəmir, başqalarının həyatını yamsılamağa can atır. Hər kəs bir-birinin etdiyini paylaşmağa məcbur hiss edir, başqalarının zövqünə və gözləntilərinə uyğun davranmağa çalışır. Daha çox baxış, daha çox bəyənmə (like) qazanmaq üçün insanlar özlərini əslində olmadıqları biri kimi təqdim edirlər. Bu isə onların gerçək kimliklərindən uzaqlaşmasına gətirib çıxarır”.
Eltac Zülfüqaroğlu