BAKI, TurkicWorld
Almaniyada 13 hava limanında baş verən 24 saatlıq xəbərdarlıq tətilindən sonra bu səhər hava hərəkəti bərpa edilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Frankfurt Hava Limanı saat 05:00-dan, Berlin Hava Limanı isə saat 05:30-dan etibarən normal uçuş əməliyyatlarına başladığını açıqlayıb.
Tətillər Frankfurt, Münhen, Köln/Bonn, Düsseldorf, Ştutqart, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin və Leypsiq-Halle hava limanlarında bütün gün ərzində uçuşları dayandırıb.
Bundan əlavə, Weeze və Karlsruhe/Baden-Baden hava limanlarında çalışan təhlükəsizlik işçiləri də maaş artımı tələbi ilə tətilə qoşulub.
Almaniya Hava Limanları Assosiasiyası (ADV) hesablayıb ki, ölkə üzrə 3500-dən çox reys ləğv edilib və bu, təxminən 560 min sərnişinə təsir göstərib.
Birləşmiş Xidmətlər Birliyi (Ver.di) işçilərin maaşlarının 8 faiz artırılmasını, aylıq minimum 350 avro əlavə müavinət və 3 gün əlavə məzuniyyət tələb edir.
Lakin işəgötürənlər, o cümlədən bələdiyyələr və federal hökumət, bu tələblərin maliyyə yükünü artıracağını və ildə təxminən 15 milyard avro əlavə xərc yaradacağını bildirir.
Dövlət sektoru üzrə danışıqların növbəti raundu martın 14-də Potsdamda keçirilməlidir.