2025-ci ilin inflyasiya ilə bağlı yanvar proqnozu oktyabr proqnozuna nisbətən 0.3 faiz bəndi aşağı reviziya edilib. Bununla belə, cari ilin yanvarında ölkədə istehlak qiymətləri indeksi 5.5 faizə yüksəlib. Bu, keçən ilin dekabrında 2.2 faiz idi. Hazırda da Mərkəzi Bank faizləri hələ də sərt mövqedə saxlamaqdadır.
Belə olduğu halda Azərbaycanda kredit faizləri yenidən artacaqmı? Yaxud əksinə olacaq?
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Referansa açıqlamasında bildirib ki, Mərkəzi Bankın faiz dərəcələrindəki dəyişikliklər banklararası faiz dərəcələrinə də təsir edir. Dolayısı ilə də banklardakı depozit və kredit faizlərinə də təsirsiz deyil. Banklar arasında elastiklik təxminən 60 faizdir. Lakin əmanət bazarında isə elastiklik 50 faiz və nisbətən aşağıdır. Bu o deməkdir ki, Mərkəzi Bankın faiz dərəcələrində hətta 1 faiz dəyişiklik olanda depozit fondunda 1,5 faiz fərq olur.
Ekspert həmçinin vurğulayıb ki, Mərkəzi Bank faiz dərəcələrini çox sərt mövqedə saxlamaqda davam edir. Amma onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bank məzənnə siyasətində sərbəst olmadığı kimi faiz siyasətində də müstəqil ola bilmir. Misal üçün bu ilin yanvarında verilən kreditlərin faiz dərəcəsi 17,75 faizə qədər yüksəlmişdi. Bu isə yüksəkdir. Manatla verilən kreditlərin faizləri isə dekabrda verilən kredit faizləri ilə müqayisədə 1,2 faiz artıbdı.
"Beləliklə də Mərkəzi Bankın sərt mövqe siyasəti hazırki vəziyyətdə onu deməyə əsas verir ki, ölkədə yaxın gələcəkdə kredit faizləri artacaq", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans