AZ

MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun vəkili Nəsib Niftəliyev məhkəməyə vəsatət təqdim edib.

Vəkil vəsatətində müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

"Müdafiə etdiyim şəxs həbs olunmamışdan əvvəl xaricdə idi. O, həbs olunacağını bilə-bilə Azərbaycana qayıdıb. Həmçinin onun istintaq dövründə mənimsənilən məbləğdən ödədiyi 104 min manatın da yüngülləşdirici hal kimi qəbul edilməyini və müvvəkkilimin ev dustaqlığına buraxılmasını xahiş edirəm", - müdafiəçi vəsatətini əsaslandırarkən deyib.

Məhkəmə hazırkı mərhələdə vəsatəti təmin etməyib.

Daha sonra ittiham aktı elan edilib.

İttihama görə, Vahid Novruzlu xidmət etdiyi müxtəlif hərbi hissələrdə vəzifəsi hərbi qulluqçuların pul vəsaitlərinin vaxtında təmin etmək, Müdafiə Nazirliyinin təsdiq etdiyi maliyyə smetasına, həmçinin hərbi hissədə xəzinə intizamına riayət etmək, maliyyə nöqsanlarını araşdırıb aradan qaldırmaq, qoşun növünə daxil olan pul vəsaitlərini hesablamaq və digər vəzifə öhdəlikləri olduğu halda o bu öhdəlikləri yerinə yetirməyib.

İttihamda bildirilib ki, təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovla əlaqəyə girərək hərbçilərin pul paylama cədvəlinə düzgün riayət etməyib. O, müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəməkdə ittiham olunub.

Həmçinin ittihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Seçilən
10
2
aznews.az

3Mənbələr